Süni immun sistemlərdən istifadə etməklə proqram təminatına Bayes metodunun tətbiqi üçün yeni alqoritm işlənilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2020-ci il üzrə hesabatı keçirildi. Hesabatı şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov təqdim etdi. O, şöbədə cari ildə aparılan elmi tədqiqatlar, elmi-innovasiya və praktiki fəaliyyət, ölkədaxili və beynəlxalq konfranslarda məruzələr və elmi jurnallarda məqalələrin nəşri, keçirilmiş şöbə seminarları və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
Məruzəçi şöbədə intellektual proqram sistemlərinin araşdırılması, müqayisəli təhlili və konseptual modelin işlənilməsi, proqram təminatının səmərəliliyini artırmaq və idarəolunmasını optimallaşdırmaq üçün metodoloji yanaşmadan istifadə etməklə qərarların qəbul edilməsi üçün TOPSİS metodundan istifadə edilməsi, funksionallığın meyarlarına görə proqram təminatının seçilməsi üçün Analytic Hierarchy Process (AHP) metodunun tətbiqi ilə alqoritmin işlənilməsi, proqram təminatının mürəkkəbliyinin hesablanması üçün mövcud metodların müqayisəli təhlili və yeni metodun təklif edilməsi, proqram modullarında səhvlərin aşkarlanması üçün klassifikatorların tətbiq edilməsi, süni intellektin proqram təminatının sınaq prosesində istifadə edilə bilən əsas elementlərin araşdırılması, statik kod analizi alətlərinin qiymətləndirilməsinə yanaşmaların təhlil edilməsi, zərərli veb-kontenti aşkarlamaq üçün geniş tətbiq olunan kontent-filtrasiya metodunun mahiyyəti və tətbiqinin əhəmiyyəti haqqında məlumat verdi. Veb-kontentin filtrasiya səviyyələrinin müəyyənləşdirilməsi, zərərli məlumatların sanitarizasiyasını təmin etmək Generative Adversarial Network (GAN) metodundan istifadə olunması, tədqiqatda uşaqların fərdi məlumatlarının toplanması, saxlanması və emalında problemlərin müəyyənləşdirilməsi, onların həlli üçün Big Data texnologiyalarından istifadə edilməsi ilə bağlı görülmüş işləri diqqətə çatdırdı.
Şöbə müdiri Elmin inkişafı fondunun elan etdiyi “Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi” və “Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri” müsabiqələrinə iki qrant layihəsinin təqdim edildiyini diqqətə çatdırdı.
T.Kazımov şöbə əməkdaşları tərəfindən “Proqram mühəndisliyinin əsasları” adlı kitabın hazırlandığını, elmi-texniki konfranslarda 4 tezislə iştirak edildiyini dedi. Diqqətə çatdırdı ki, tanınmış elmi jurnallarda 9 məqalə dərc edilmiş, 2 məqalə qəbul olunmuşdur. Hazırda 2 məqalə rəy, 2 məqalə isə hazırlanma mərhələsindədir.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə bağlı müəyyən tövsiyələr verdi. Proqram mühəndisliyi və intellektual proqram sistemlərinin aktuallığını qeyd edərək bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğuladı.
Məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.