İnformasiya Texnologiyaları İnstitutu ilə Belarus MEA-nın İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur

04 Noyabr 2014 - 11:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Belarus Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunda olmuşdur. Ə.Əliyevin rəhbərlik etdiyi Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşması problemlərinin tədqiqi ilə bağlı qrant layihəsi çərçivəsində baş tutan görüşlərdə AMEA İTİ və Belarus MEA-nın İqtisadiyyat İnsitutunun nümayəndələri də iştirak etmişdir.

İqtisadiyyat İnstitutunun elmi katibi, i.e.n. Pyotr Nikolayeviç Pekutko ilə keçirilən görüşdə Ə.Əliyev İTİ-nin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin təqdimat məktubu və institutun fəaliyyəti haqqında bəzi rəsmi məlumatları ona təqdim etmişdir.

Ə.Əliyev P.N.Pekutkoya AMEA İTİ-nin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermiş və institutda yerinə yetirilən qrant layihələri, o cümlədən innovativ informasiya iqtisadiyyatı ilə əlaqədar görülən işlərdən danışmışdır.

P.N.Pekutko bildirmişdir ki, institunun əsas fəaliyyət istiqamətlərindən biri Belarus iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması mexanizmlərinin elmi əsaslandırılmasıdır. Bu mövzu üzrə milli sosial-iqtisadi inkişaf modeli, səmərəli milli innovasiya sisteminin formalaşması mexanizmləri işlənilir. O, İqtisadiyyat İnstitutunun şöbə və sektorlarında yerinə yetirilən elmi-tədqiqat işləri haqqında  ətraflı məlumat vermiş və Ə.Əliyevi müvafiq şöbələrin fəaliyyəti ilə daha da  yaxından tanış etmişdir.

Ə.Əliyev “İnnovasiya siyasəti” şöbəsinin əməkdaşlarının da iştirak etdiyi gələcək qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələrə həsr olunmuş seminarda çıxış etmişdir. Şöbə müdiri,  i.e.n. Valeriy Valeriyeviç Qonçarov şöbədə aparılan fundamental tədqiqatlar, innovativ idarəetmə mexanizmləri, elmi sferanın işinin təşkilin nəzəri əsasları, elmi-texniki məhsullar bazarının formalaşmasının təşkilati-iqtisadi mexanizmlərindən söz açmışdır.

Ə.Əliyev seminar iştirakçılarına Azərbaycanda İKT sahəsindəki  iqtisadi vəziyyət ilə əlaqədar məlumat vermiş, innovativ informasiya iqtisadiyyatının formalaşması problemlərini diqqətə çatdırmışdır.

Sonda gələcək əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması qərara alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.