AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında yeni tədris ilində institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) fəaliyyəti ilə bağlı məsələ müzakirə olundu.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun tədris fəaliyyətinin AR Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar tələbləri, eləcə də AR Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən həyata keçiriləcəyini diqqətə çatdırdı.
R.Əliquliyev xatırlatdı ki, AMEA-nın magistratura pilləsinə qəbul olunmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika və fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili bizim instituta həvalə olunmuşdur. Bu məsuliyyətli vəzifə hər il olduğu kimi, cari ildə də layiqincə yerinə yetirilməli, koronavirus pandemiyası Tədris-İnnovasiya Mərkəzinin fəaliyyətinə mane olmamalıdır. Burada onlayn tədrisin yüksək səviyyədə təşkili üçün institutun texniki imkanları və elmi potensialından maksimum istifadə edilməlidir. İnstitut yeni şəraitdə tədris prosesinə tamamilə hazır olmalıdır.
TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova çıxış edərək cari ildə AMEA-ya qəbul olunan magistrantlar üçün ümumi fənlərdən ingilis dilinin COVID-19 pandemiyası ilə əlaqədar olaraq, onlayn formada həftədə 2 dəfə tədris olunacağını diqqətə çatdırdı. Dərs saatları ilə bağlı tədris qrafikinin isə AMEA-nın bütün institut və təşkilatlarına göndərildiyini bildirdi. Məruzəçi qeyd etdi ki, magistrantlar üçün digər ümumi fənlər növbəti semestrdə tədris olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.