İnnovativ startap ekosisteminin formalaşması vəziyyəti müzakirə olundu

27 Fevral 2020 - 16:30 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsində “İnnovativ startap ekosistemin formalaşması vəziyyəti və xüsusiyyətləri” mövzusunda elmi seminar keçirildi.

Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev startapların mahiyyəti, təyinatı, startap ekosisteminin formalaşması xüsusiyyətləri və mövcud vəziyyəti, “Azərbaycan Startap Ekosistemi” (www.startupazerbaijan.az) platforması və “Startap Azərbaycan” (www.startup.az) layihəsi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Startap Azərbaycan” layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Məruzəçi elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya strukturları və onların əsas məqsədindən danışdı. Onun sözlərinə görə, hazırda iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə və s. dövlət dəstəyini daha da artırmaq məqsədi ilə yüksək texnologiyalar parkları (YT Parklar) yaradılır: “YT Parklar innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir”.

Sonra şöbə müdiri innovasiya mühitinin (Elm-Təhsil-Biznes üçbucağı) formalaşması xüsusiyyətlərindən, startap ekosisteminə dəstək məqsədilə yaradılan EnterpriseAzerbaijan.com portal-platformasından söz açdı. Startapların dünya maliyyə bazarlarına çıxışı üçün yeni imkan hesab olunan “Kickstarter” barədə məlumat verərək qeyd etdi ki, 4-cü Sənaye inqilabının çağırışlarına cavab verən Azərbaycan bu sahədə böyük potensiala malikdir.

Məruzəçi 2019-cu ilin mayında Bakıda Şərq Tərəfdaşlığı ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə növbəti seminarın keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində HDM təşəbbüsü həyata keçirilir. Bu təşəbbüsün əsas məqsədi vahid rəqəmli bazarın üstünlüklərini Şərq tərəfdaşlığı ölkələrində tanıtmaqla bu ölkələrdə rəqəmli iqtisadiyyatın və cəmiyyətin inkişafına dəstək verilməsidir.

Ə.Əliyev, həmçinin “Yeni Fikir” startap müsabiqəsinin formalaşması, “İnnovasiya Festivalı”nın keçirilməsi xüsusiyyətləri, eləcə də innovasiya evi və strukturlarının yaradılması haqqında ətraflı məlumat verdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.