AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.
Seminarda institutun doktorantı Nuranə Cəbrayılova “Təhsil mühitində sosial şəbəkələrin analizi” mövzusu ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, sosial şəbəkə saytlarının artan xidmətləri və populyarlığı, eləcə də istifadəçilərin sayının və paylaşılan məlumatların günbəgün sürətlə artması sosial şəbəkələrin analizi məsələsini aktual edir. O, sosial şəbəkələrin analizinin şəbəkə üzvləri arasındakı qarşılıqlı əlaqələri araşdırmaq, davranışları təxmin etmək, şəbəkədə məlumat axınlarını modelləşdirmək və klassifikasiya üçün istifadə olunduğunu qeyd etdi. E-təhsilin sosial şəbəkə xidmətlərində mühüm rol oynadığını bildirən gənc alim tələbələrin və şagirdlərin həyatında sosial şəbəkələrin rolunun öyrənilməsinin bir neçə istiqamətə bölündüyünü qeyd etdi. N.Cəbrayılova sosial şəbəkə daxilində müəllim-şagird münasibətlərinin müxtəlifliyindən danışaraq bildirdi ki, sosial şəbəkələrin analizi şəbəkə daxilində aktorlar arasındakı münasibət və əlaqələrə əsaslanır.
O, təhsil, sosial şəbəkə məlumatlarında Big Data analizinin və sentiment analizin aparılmasının vacib rol oynayadığını vurğuladı, sentiment analizin məqsədinin mətndəki fikirlərin tapılması və onların xüsusiyyətlərini müəyyən edilməsindən ibarət olduğunu bildirdi.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev 4-cü sənaye inqilabının texnoloji yenilikləri nəticəsində cəmiyyətdə smartlaşma prosesinin genişləndiyini nəzərə alaraq İndustry 4.0-ın müasir təhsil siteminə birbaşa və dolayı təsirinin araşdırılmasını da tövsiyə etdi. Ölkədə ailə institutlarının, həmçinin cəmiyyətdə etnokultural vəziyyətin və digər məsələlərin həllinin vacibliyini vurğuladı. O, qeyd etdi ki, sadalanan məsələlərinin həlli məqsədi ilə sosial şəbəkələrin analizi üsullarından istifadə etmək vacibdir.
Akademik nəzərə çatdırdı ki, təhsilin sosioloji tərəfini yaxşı öyrənməklə təhsildə münasibətlərin metrikasını müəyyən etmək mümkündür. O, “təhsil ictimaiyyəti” anlayışı haqqında məlumat verdi və bildirdi ki, təhsil ictimaiyyətinin müxtəlif tipləri mövcuddur: qapalı, açıq, yarımqapalı, multikultural və s. R.Əliquliyev doktoranta şagirdlərin və ali məktəb tələbələrinin İnternet asılılığının təhsil prosesinə və təhsilin keyfiyyətinə təsirinin də araşdırılmasını tövsiyə etdi.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.