Süni intellekt altsheymer xəstəliyinin şiddətlənməsinə imkan verməyəcək

14 Fevral 2020 - 15:04 | Texnoloji yeniliklər
Süni intellekt altsheymer xəstəliyinin şiddətlənməsinə imkan verməyəcək

Mütəxəssislərin verdikləri məlumatlara görə, Böyük Britaniyada 850 min nəfər demensiya sindromu ilə yaşayır. Demensiya – ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.

Altsheymer xəstəliyinin erkən əlamətlərini aşkar etmək üçün hazırlanan yeni layihə süni intellektə əsaslanır.

“Microsoft” korporasiyasının banisi, məşhur kompüter maqnatı Bill Geyts tərəfindən maliyyələşdirilən layihədə əvvəlcə bu xəstəliklə bağlı aparılan araşdırmalardan alınan nəticələr təhlil ediləcək, daha sonra bu məlumatlar üç il ərzində cihazın prototipini hazırlamaq üçün istifadə ediləcək.

“BBC News” telekanalının məlumatına görə, daşına bilən qurğular yuxu rejimi, ürəyin fəaliyyəti və s. ilə bağlı müxtəlif məlumatlar toplayır və tədqiqatçılar bu məlumatları təhlil edərək simptomların görünməsindən əvvəl xəstəliyin əlamətlərini müəyyən edə bilirlər.

“Rəqəmsal məlumat ölçmələrini beyin görüntüləmə və yaddaş testləri kimi ənənəvi mənbələrlə birləşdirərək xəstəliyin erkən əlamətlərinə yeni nəzər salmaq üçün istifadə edəcəyik”, - deyə tibb mütəxəssisi, professor Kris Holms qeyd edib.

Birləşmiş Krallığın Altsheymer Tədqiqatları Mərkəzinin direktoru Karol Rutlec qeyd edir ki, telefon tətbiqləri və ya ağıllı saatlar kimi texnologiyalarla aşkar edilən rəqəmsal barmaq izlərinin inkişafı xəstəlik üçün ən çox riskə məruz qalan insanları müəyyənləşdirə biləcək.  O, “Bu xəstəliklərdəki erkən dəyişiklikləri müəyyənləşdirmək bu gün tədqiqatçıların səylərini dəyişdirəcək, insanların həyatına müdaxilə etməzdən əvvəl  xəstəliklərin qarşısının alınması üçün əlavə şans yaradacaq”, - deyə qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.