AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Exploration of Intellectual Software Systems and Development of Conceptual Model” (“İntellektual proqram sistemlərinin araşdırılması və konseptual modelin işlənilməsi”) adlı məqaləsi “Review Of Computer Engineering Research” adlı beynəlxalq elmi jurnalda dərc olunub.
Məqalədə süni intellekt, intellektual sistem haqqında məlumat verilib, intellektual sistemin strukturu, növləri, klassifikasiya edilməsi və s. araşdırılıb. İntellektual sistem konkret predmet sahəsinə aid olan və yaradıcı hesab edilən məsələləri bacarıqla həll edən texniki və ya proqram sistemidir. Məqalədə adi sistemlə intellektual sistem arasındakı fərq müqayisə edilib. Müəllif bildirib ki, qərarların qəbul olunması texnologiyalarında intellektual sistem insanın iştirakı olmadan məsələləri bacarıqla həll edən intellektual informasiya-hesablama sistemidir. Burada intellektual sistemlər üçün konseptual model də işlənib.
Məqalə Crossref və Scilit kimi nüfuzlu elmi bazalarda indeksləşib və referatlaşıb (DOI: 10.18488/journal.76.2020.71.1.11).
Qeyd edək ki, “Review Of Computer Engineering Research” jurnalı “Conscientie Beam” nəşriyyatı tərəfindən dərc olunur və Google Scholar, PAS, CNKI Scholar kimi nüfuzlu elmi bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.