Yığcam yanğınsöndürən və soyuducu elektrik avtomobilləri təqdim edilib

14 Fevral 2020 - 08:57 | Texnoloji yeniliklər
Yığcam yanğınsöndürən və soyuducu elektrik avtomobilləri təqdim edilib

“Panasonic” şirkəti yığcam yanğınsöndürən və soyuducu elektrik avtomobillərini nümayiş etdirib. Elektrik avtomobillərini korporasiya Kaliforniyanın “Tropos Motors” startapı ilə birlikdə hazırlayıb. Onlar biznes üçün nəzərdə tutulub, kiçik şirkətlərə avtoparkın formalaşdırılmasında qənaət etməyə və karbon izini azaltmağa kömək edəcək.

hightech.fm saytının məlumatına görə, yığcam yanğınsöndürən maşın tam ölçülü yanğınsöndürən avtomobil ilə eyni funksiyalara malikdir. Bununla yanaşı, onun qiyməti 10 dəfə (ABŞ-da yanğınsöndürən maşınının orta dəyəri təxminən 500 min dollar təşkil edir) azdır. Model naviqasiya, fövqəladə hallar barədə informasiyanın izlənilməsi və operatorla əlaqə üçün “Toughbook FZ-G1” planşeti ilə təchiz edilib. Nisbətən kiçik ölçülər elektrik avtomobilindən effektiv, hətta böyük maşınların keçə bilməyəcəyi məhdud sahələrdə istifadə etməyə imkan verəcək.

Soyuducu elektrik avtomobili 8 ədəd “Hussmann” soyutma kamerası ilə təchiz olunub. Onlar xüsusi vakuum istilik izolyasiyası sayəsində soyuğu adi poliuretan konteynerlərdən 13 dəfə daha effektiv saxlayır. Kameralar emal və ikinci istifadəyə yararlıdır, həmçinin əlavə soyutma tələb etmirlər ki, bu da akkumulyatorlardan enerji sərfiyyatını aşağı salır. Elektrik avtomobillərinin satışa çıxarılma tarixi hələ ki, açıqlanmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.