Fərdin informasiya mədəniyyətinin inteqral göstəricilərinin hesablanması tədqiq olunur

10 Fevral 2020 - 11:41 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2020-ci il üzrə fəaliyyət planının müzakirəsi zamanı mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu qeyd edib.

O, yerinə yetiriləcək elmi-tədqiqat işlərindən danışaraq bildirib ki, bu il, həmçinin jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi, Cisco Şəbəkə Akademiyasında və digər beynəlxalq kurslarda şəbəkə ilə bağlı tədris olunan kursların analizi, İKT-nin tətbiqi ilə xarici dillərin (ingilis dili) öyrədilməsi məsələlərinin analizi ilə bağlı tədqiqatlar aparılacaq.

R.Mahmudova adıçəkilən istiqamətlər üzrə jestlərin qeyd edilməsi metodları və texnologiyalarının üstünlükləri,  çatışmazlıqları, eləcə də onların avtomatik tanınma sistemlərinin və metodlarının analizinin aparılacağını da diqqətə çatdırıb.

Məruzəçinin sözlərinə görə, informatika dərslərində intellektual oyunlardan istifadə və onların sinifdənxaric, məktəbdənkənar tədbirlərə inteqrasiya texnologiyası işlənəcək, pedaqoji və psixoloji eksperimentlərin təşkili və nəticələrin təhlili araşdırılacaq.

TİM-in rəhbəri mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlər barədə məlumat verib. O, AMEA-nın və institutun magistratura pilləsində təhsil alan magistrlər üçün dərs və imtahanların təşkili ilə bağlı görüləcək işlərdən bəhs edib.

R.Mahmudova hər il olduğu kimi, 2020-ci ildə də ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar tədbirlərin görüləcəyini, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma, institutun doktorant və dissertantlarının ixtisas imtahanlarının test üsulu ilə qəbulu işinin təşkili, TİM-in veb-saytının idarə edilməsi, institutda Cisco Şəbəkə Akademiyasının yaradılması ilə bağlı görülən işlərin davam etdiriləcəyini söyləyib.

Məruzəçi cari il ərzində “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın növbəti mərhələsi üzrə bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

O, mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib, mərkəzin elmi və elmi-innovasiya fəaliyyətinin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.