IV sənaye inqilabının sosial-iqtisadi trendləri tədqiq olunur

07 Fevral 2020 - 10:47 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı dinlənildi.

Planı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il elektron dövlətin formalaşması problemləri, informasiya cəmiyyətinin, internetşünaslığın elmi-nəzəri problemləri, informasiya müharibəsi texnologiyaları problemləri istiqamətində araşdırmalar aparılacaq.

R.Mahmudov “E-dövlətin formalaşdırılması və effektiv idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görüləcək işlərdən danışdı. Qeyd etdi ki, bu mövzu üzrə e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitektur  modelinin işlənilməsi, e-dövlət platformasında müxtəlif təyinatlı e-reyestrlər əsasında meta-reyestrinin yaradılması və müxtəlif demoqrafik göstəricilər üzrə intellektual analiz  üçün metodların işlənməsi və ictimai fikrin qiymətləndirilməsi üçün mətnlərin sentiment analiz metodunun işlənməsi tədqiqi istiqamətində araşdırmalar aparılacaq.

Məruzəçi IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin, informasiya-kommunikasiya texnologiyaları kontekstində folklorun elmi-nəzəri əsaslarının və virtual məkanda dil problemlərinin araşdırılması istiqamətində müəyyən tədqiqatların aparılacağını vurğuladı.

R.Mahmudov şöbədə elektron xidmətlərin intellektual analizi, korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin, etnobotanika informasiya sisteminin işlənməsi mövzuları üzrə görülən işləri təqdim etdi, nəşr olunmuş məqalələr barədə məlumat verdi. Məruzəçi, həmçinin “E-dövlət platformasında vətəndaşların sosial kredit sisteminin mexanizmləri, metodları və alqoritmlərinin işlənməsi” mövzusunda aparılacaq tədqiqatları diqqətə çatdırdı.

O, elektron dövlət mühitində maşın təlimi alqoritmlərindən istifadə etməklə mobil əlaqələrin aşkarlanması məsələləri, süni intellektə əsaslanan jurnalistika sahəsində tənzimləmə problemləri, rəqəmsal demoqrafiya sahəsində problem və perspektivlər, biliklər iqtisadiyyatının qiymətləndirilməsinin elmi-nəzəri əsasları, vətəndaş rəyi əsasında elektron xidmətlərin ÇMQQ metodu ilə empirik qiymətləndirilməsi məsələlərinə dair işlərin görüləcəyi barədə məlumat verdi.

Daha sonra məruzəçi şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında danışdı. O, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” strategiyasının həyata keçirilməsinə elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin həyata keçiriləcəyini söylədi. Həmçinin bildirdi ki, “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarına təqdim olunan məqalələrə mütəxəssis rəylərinin verilməsi də nəzərdə tutulan işlər sırasındadır.

R.Mahmudov cari ildə şöbə əməkdaşlarının “Elmi tədqiqat işləri” bölməsində planlaşdırılan mövzular üzrə uyğun nüfuzlu konfrans, seminar və simpoziumlarda iştirakı barədə məlumat verdi. O, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görüləcək işləri, ikt.az saytının informasiya təminatına mütəmadi dəstəyin veriləcəyini də nəzərə çatdırdı.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan elmi tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsini və dərinləşdirilməsini tövsiyə etdi.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.