Transliterasiya sisteminin veb-saytı tezliklə istifadəyə veriləcək

06 Fevral 2020 - 16:57 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə fəaliyyət planlarının müzakirəsi davam edir.

16 saylı şöbənin fəaliyyət planını təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri barədə məlumat verdi. O, e-dövlətin formalaşması problemləri üzrə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması, eləcə də effektiv metodların işlənməsi istiqamətində görüləcək işlərdən bəhs etdi. Məruzəçi bu istiqamətdə e-demoqrafiyanın formalaşdırılması və intellektual analiz texnologiyalarının işlənəcəyini qeyd etdi.

G.Nəbibəyova Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi, veb-texnologiyaları problemləri üzrə elektron dövlət mühitində veb-resursların statistik göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi, veb-spamlarla mübarizə texnologiyaları, Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası istiqamətində tədqiqatların davam etdiriləcəyini diqqətə çatdırdı.

G.Nəbibəyova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində www.transliterasiya.az saytının istifadəyə veriləcəyini, AMEA-nın rəsmi www.science.gov.az portalının, İnformasiya Texnologiyaları İnstitutunun www.ikt.az saytının, AzScienceNet EKŞ Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan mütəmadi olaraq dəstəkləndiyini qeyd etdi. Həmçinin, AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqinin aparıldığını, tərcümə işlərinin görüldüyünü vurğuladı.

O, şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.

Fəaliyyət planına dair müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.