AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə fəaliyyət planlarının bu gün keçirilən müzakirələrində çıxış edən institutun elmi katibi, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova mərkəzin cari il üzrə fəaliyyət planını təqdim etdi.
Mərkəzin komplektləşdirmə, kataloqlaşdırma, yırtıcı jurnalların və nəşriyyatların təyin edilməsi, antiplagiat xidməti və institutun elmi əsərlərinə DOI nömrələrinin verilməsi kimi funksiyalar icra etdiyini qeyd edən məruzəçi “Alephino” idarəetmə sistemində toplanan resursların say bölgüsünü, institut əməkdaşlarının elmi əsərlərinin 2019-cu il ərzində İnformasiya Texnologiyaları İnstitutu üçün alınmış və yenilənmiş DOI nömrələr ilə bağlı statistikanı, eləcə də yırtıcı və oğurlanmış jurnallarla bağlı müraciətləri diqqətə çatdırdı.
O, cari ildə rəhbərlik etdiyi mərkəzdə tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün çəkili h- və g- indekslərinin, həmçinin elmi təşkilatların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodun işləniləcəyini bildirdi. Bundan başqa, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi, yayılması, resursların ABŞ Konqres kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılması, eləcə də antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması konsepsiyasının işlənilməsi, beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəm kitabxanalarına üzvlüklə əlaqədar işlərin aparılmasının nəzərdə tutulduğunu vurğuladı. Mərkəz rəhbərinin sözlərinə görə, E-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması, dilin öyrədilməsi və qiymətləndirilməsi istiqamətində xarici təcrübənin araşdırılması və beynəlxalq standartlara əsaslanaraq İKT-nin tətbiqi ilə Azərbaycan dilinin öyrənilməsi və qiymətləndirilməsi üçün təkliflərin işlənməsi mərkəzin 2020-ci il üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin planında öz əksini tapıb.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi.
E-kitabxana Mərkəzinin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan M.Səidova “Exlibris” şirkəti ilə “Alephino” Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşaiyəti ilə əlaqədar cari ildə aparılacaq əməkdaşlığın gələcək perspektivlərindən də söz açdı.
M.Səidova 2020-ci ildə keçiriləcək “Elmmetriya” interaktiv seminarı haqqında məlumat verdi. Seminarlarda “Vebometriya. Universitetlərin və elmi təşkilatların qiymətləndirilməsi”, “Google Scholar: qeydiyyatdan keçmə və istifadə qaydaları”, “Elmi təşkilatların və elmi jurnalların veb saytlarına qoyulan tələblər”, “Tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün h-nüvə və h-uzantı istinadlarını balanslaşdıran indeks” və “Kopernio.com saytının imkanları” mövzularında məruzələrin dinlənilməsinin nəzərdə tutulduğunu bildirdi.
Şöbənin elmi fəaliyyətinə dair fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik ölkədə vahid elektron kitabxanaların formalaşmasının milli vahid informasiya məkanın inkişafında mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək elektron kitabxanaların bütün ictimaiyyətə açıq olmasının, E-kitabxana Mərkəzinin fəaliyyətinin daha da intellektuallaşdırılmasının zəruriliyini vurğuladı. Alim milli elektron kitabxana resursları, ölkədə və dünyada bu sahədə mövcud vəziyyət, problemlərin tədqiqi və onların həlli yollarının araşdırılmasının vacibliyini qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.