İnstitut alimlərinin neft-qaz sənayesində Big Data texnologiyalarının multidissiplinar problemlərinə həsr olunmuş məqaləsi nüfuzlu jurnalda dərc olunub

31 Yanvar 2020 - 09:27 | Yeni nəşrlər
İnstitut alimlərinin neft-qaz sənayesində Big Data texnologiyalarının multidissiplinar problemlərinə həsr olunmuş məqaləsi nüfuzlu jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Multidisciplinary study of the problems of big data technologies in the oil and gas industry” adlı məqalə “Inderscience” nəşriyyatında dərc olunan “International Journal of Oil, Gas and Coal Technology” jurnalında çap olunub.

Məqalə Big Data texnologiyalarının neft-qaz sənayesində tətbiqinin multidissiplinar problemlərinə həsr olunub. Big Data üsullarının və geyinilə bilən cihazların neft-qaz sənayesinə tətbiqi bu sektorun fəaliyyətinə böyük üstünlük gətirir. Big Data texnologiyalarının istismar risklərinin azaldılması, xam neftin qiymətinin proqnozlaşdırılması, neft quyularının optimal idarə edilməsi, təşkilatda sağlamlıq və təhlükəsizliyin təmin edilməsi, ekoloji problemlərin aradan qaldırılması və s. məsələlərin həllinə tətbiq imkanları araşdırılıb. Burada Big Data analitika üçün məlumat mənbəyi olan Google glass, smart watches, biometric smartwear, camera clip, Kinect, Google now və s. geyinilə bilən sensorlar haqqında məlumat verilib, eləcə də Big Data analitikası üsullarının təsnifatı aparılıb. Neft-qaz sənayesində quyuların və anbarların optimal idarə edilməsi, geoloji kəşfiyyatın aparılması, sağlamlıq, təhlükəsizlik və ətraf mühit və s. sektorların fəaliyyətini Big Data texnologiyalarının tətbiqi ilə analiz etməyə imkan verən bir sıra tədqiqat istiqamətləri müəyyən edilib.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi Neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi qrant layihəsi (15 oktyabr 2014 - 15 oktyabr 2016) çərçivəsində aparılmış tədqiqatlar əsasında hazırlanmışdır.

Qeyd edək ki, “International Journal of Oil, Gas and Coal Technology” jurnalı Science Citation Index Expanded (Clarivate Analytics), Scopus (Elsevier), Compendex (Elsevier), Academic OneFile (Gale) və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Jurnalın 2018-ci il üçün impakt faktoru 0.683, 5 illik impakt faktoru isə 0.753-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.