Yeni alqoritm smartfonun köməyi ilə məhsulların keyfiyyətini müəyyən edəcək

30 Yanvar 2020 - 16:21 | Texnoloji yeniliklər
Yeni alqoritm smartfonun köməyi ilə məhsulların keyfiyyətini müəyyən edəcək

Tomsk Politexnik Universitetinin tədqiqatçıları tərəfindən yaradılan alqoritm smartfondan istifadə edərək məhsulların keyfiyyətini müəyyən etməyə imkan verir.

Universitetin Avtomatika və Robototexnika kafedrasının müəllimi Olqa Voskoboynikovanın layihəsi südün keyfiyyətini son istifadə müddətinə baxmadan və xüsusi avadanlıqdan istifadə etmədən müəyyənləşdirmək üçün alqoritm hazırlayıb. Təklif olunan alqoritm smartfondan istifadə edərək vizual olaraq müəyyən edilən məhsulun rəng dəyişikliyinə əsaslanır. Tomsk Dövlət Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan xüsusi polimer matrisin tərkibindəki reagentlər məhsulla qarşılıqlı əlaqə qurur və saxlama müddətindən asılı olaraq rəngini dəyişir. Matrisin işləməsi üçün əsas şərt onun məhsulla təmasıdır. Ancaq bu proses məhsulun dadının dəyişməsinə təsir etmir.

“Nauka” telekanalının məlumatına görə, alqoritm həm südün, həm də digər məhsulların keyfiyyətini təyin etmək üçün istifadə edilə bilər. Bunun üçün matrisin tərkibini dəyişdirmək və ərzaqların müəyyən saxlama qaydalarını seçmək kifayətdir. Hər bir məhsul üçün reagentlərin tərkibi və dozası eksperimental olaraq əldə edilir. Qida parametrlərinə nəzarət məhsulun istehsal, qablaşdırma, çatdırılma və saxlama dövrlərində əhəmiyyətli hesab olunur. Mövcud nəzarət metodları müəyyən kadr hazırlığı və kütləvi istehlakçı tələbatı üçün mövcud olmayan xüsusi avadanlıqları tələb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.