Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın cari il üçün ilk iclası keçirildi.
İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülmüş işləri təqdim etdi.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun bir il ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açdı.
Akademik institutun struktur bölmələrinin 2020-ci il üçün fəaliyyət planlarının müzakirəsi ilə bağlı çıxış etdi. Alim bildirdi ki, hər il olduğu kimi, cari ildə də aktual problemlərin aşkar olunması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli jurnallarda çap olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulub.
R.Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunmasının vacibliyindən danışdı, yüksək peşəkarlığa malik kadrların yetişdirilməsinin zərurliyini qeyd etdi.
Alim cari ildə institutda keçirilməsi nəzərdə tutulan 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” ümumrespublika elmi-praktiki konfransının müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanması istiqamətində tövsiyələrini səsləndirdi, institutun hər bir əməkdaşının süni intellekt ideologiyasının carçısına çevrilməsinin, süni intellektin ümumfəlsəfi əsasları üzrə tədqiqatların aparılmasının mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov institutda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlar barədə məlumat verdi, fevral ayından başlayaraq onların attestasiyasının keçiriləcəyini diqqətə çatdırdı. F.Yusifovun sözlərinə görə, bu prosesdə 7 doktorant, 18 dissertant və 8 elmlər doktoru iddiaçı olaraq iştirak edir.
F.Yusifov 26-29 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində keçirilən “Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2019) institut əməkdaşlarının iştirakı haqqında danışdı. Qeyd etdi ki, forumda institutu 4 saylı şöbənin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov və Fərhad Yusifov təmsil ediblər və onların həmmüəllifliyi ilə “AzScienceNet məlumat mərkəzinin hesablama imkanları haqqında” məruzə təqdim olunub.
Daha sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova 21 noyabr 2019-cu ildə Belarusiyanın paytaxtı Minsk şəhərində Belarusiya Milli Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Mərkəzi Elmi Kitabxanası və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” (RINTI-2019) XVIII Beynəlxalq konfransında institutun əməkdaşlarının iştirakı haqqında məlumat verdi. Qeyd etdi ki, konfransda institutu G.Nəbibəyova və baş mütəxəssis Əfruz Qurbanova təmsil ediblər və onlar səfər çərçivəsində Belarusiya Milli Elmlər Akademiyasının Birləşmiş İnformatika Problemləri İnstitutunun inkişaf etmiş “BASNET” elmi kompüter şəbəkəsi ilə tanış olublar.
G.Nəbibəyovanın sözlərinə görə, “RİNTİ-2019” XVIII beynəlxalq konfransında institut əməkdaşları “Veb-saytların multikriterial qiymətləndirilməsi” və “Milli terminoloji məlumat mühitində qərar dəstəyi sistemi” mövzusunda məruzələri təqdim ediblər.
İnstitutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 21-22 noyabr 2019-cu il tarixlərində Roma şəhərində (İtaliya) keçirilən EaPConnect tərəfdaşları üçün “Federated Cloud II” seminarında institutun əməkdaşlarının iştirakı haqqında məlumat verdi. O, “Federated Cloud II” seminarında institutun baş mütəxəssisi Tural Mustafayevin, böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın və Fərqanə Abdullayevanın iştirak etdiklərini bildirdi. Qeyd etdi ki, EaPConnect-ə üzv olan dövlətlərin qarşısında duran çətinlikləri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etmək və üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi tədbirin əsas məqsədi olub.
Çıxışlar ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.