Qaməti düzgün formalaşdıran “ağıllı” stul hazırlanıb

14 Yanvar 2020 - 10:03 | Texnoloji yeniliklər
Qaməti düzgün formalaşdıran “ağıllı” stul hazırlanıb

Məlumdur ki, yanlış oturma formaları hər cür sağlamlıq problemlərinə yol aça bilir. Lakin bu problemlər erkən mərhələdə aşkar olunarsa, müvafiq həkim məsləhəti ilə qarşısını almaq mümkün olar.

Rusiya Federasiyasının Cənubi Ural Dövlət Universitetinin alimləri məktəblilərin qamətini nəzarətdə saxlayan stul hazırlayıblar. “Ağıllı” stulun tənzimləyiciləri oturan şəxsin vəziyyətini müəyyən edir və səliqəsiz şəkildə oturduqda siqnal verir.

Qurğunun köməyi ilə gənc yaşdan qaməti düzgün inkişaf etdirmək mümkündür. O, həm də müxtəlif xəstəliklərin qarşısını almağa kömək edəcək.

“Ağıllı” stul görünüşünə görə adi oturacaqlara bənzəyir. Cihazın üstünlüyü insanın düzgün oturuş formasını müəyyənləşdirən və onu xəbərdar edən tənzimləyicilərin mövcud olmasındadır. O, dayaq-hərəkət sistemi ilə əlaqəli patologiyaları təyin etmək qabiliyyətinə də malikdir.

planet-today.ru saytının məlumatına görə, tənzimləyicilər bütün informasiyanı uşağın valideyninin və ya müəlliminin mobil telefonuna ötürür. Məlumat ötürülməsi Wi-Fi və ya Bluetooth vasitəsilə həyata keçirilir. Qurğunun köməyilə müəllimlər hər bir məktəblinin vəziyyətini öz monitorlarında izləyə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.