Belarusiyada ilk dəfə insan müdaxiləsi olmadan həmsöhbətlərə mənalı suallar verə və cavablar əsasında nəşrlər üçün mətn hazırlaya biləcək süni intellekt sınaqdan keçirilir. Neyron şəbəkəsinin fikir liderləri ilə "danışması", hətta yerli nəşrlərdən birində jurnalist kimi fəaliyyət göstərməsi planlaşdırılır.
HostFly.by hostinq-provayderinin rəhbəri Aleksandr Xmıl neyron şəbəkəsinin hazırlanma prosesinin Rusiya-Belarusiya proqram şirkəti tərəfindən həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, HostFly.by qeyri-adi layihəyə internetdə neyroşəbəkə yerləşdirilməsi üçün lazımlı resurslarla təmin edərək texniki dəstək verəcək.
belta.by saytının məlumatına görə, robot-jurnalist həmsöhbətini qiymətləndirə və konkret bir şəxs haqqında məlumatlara əsaslanan suallar yarada bilər. Robot, həmçinin həmsöhbətin psixoloji qiymətləndirməsini aparacaq və onda emosional reaksiyalar doğura bilən sualları seçə biləcək.
Xatırladaq ki, ötən il HostFly.by məhsulun təsviri ilə yanaşı, qoxusunun da duyulduğu onlayn mağazanın layihəsini hazırlayıb. Belə ki, təqdim olunan layihənin həyata keçirilməsi nəticəsində onlayn mağazaların sahibləri qoxunu çatdırmaq üçün müştərilərə qoxular dəsti olan xüsusi lövhələri pulsuz göndərə biləcəklər. Müəyyən əmtəə malına baxarkən lövhə xüsusi proqram tətbiqi ilə smartfona və ya kompüterə qoşulacaq və alıcı virtual sayğacda gördüyü məhsulun qoxusunu hiss edə biləcək.
Hostinq-provayder bu siyahını daha da genişləndirmək və öz meydançasına yeni perspektivli layihələri cəlb etmək niyyətindədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.