İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda nəşr olunub

13 Yanvar 2020 - 10:35 | Yeni nəşrlər
İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda nəşr olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Modified fuzzy TOPSIS + TFNs ranking model for candidate selection using the qualifying criteria” (Namizədlərin seçilməsi üçün kvalifikasiya tələbləri meyarlarından istifadə edilərək modifikasiya olunmuş qeyri-səlis TOPSIS + TFNs modeli) adlı məqalə “Soft Computing” jurnalında çap olunub.

Hazırda qloballaşma prosesi təkcə texnoloji, iqtisadi deyil, həm də ictimai, siyasi və mədəni sahələrə ciddi təsir göstərməkdədir. Dünyada baş verən sosial, iqtisadi və siyasi proseslərin təsiri özünü göstərməkdədir və ölkələr müxtəlif rejimlər, dövlət formaları ilə idarə olunur. Bu baxımdan fərqli rejimlərin və hökumətlərin fəaliyyət göstərməsi üçün ixtisaslı, kompetensiyalı kadrlara ehtiyac vardır. Tədqiqat işində seçki prosesində namizədlərin seçilməsi ənənəvi səsvermədən fərqli olaraq müvafiq vəzifəyə daha uyğun kompetensiyalı namizədlərin seçilməsi üçün hansı meyarlar və ya amillər nəzərə alınmalı olduğu araşdırılır. Namizədlərin seçilməsi meyarları kimi demokratik prinsiplərin qəbul edilməsi, yaş, təhsil səviyyəsi, dövlət işlərində təcrübə, professional kompetensiya, qlobal mədəniyyətin və dəyərlərin qəbul edilməsi, seçki bölgəsində nüfuzu, liderlik qabiliyyəti, sosial mediada aktivlik və  s. qəbul edilə bilər. Məqalədə namizədin seçilməsi üçün çoxmeyarlı qiymətləndirmə yanaşmasından istifadə edilir. Modifikasiya olunmuş qeyri-səlis TOPSIS və üçbucaq qeyri-səlis ədədlərin (TFNs) ranqlaşdırılması metodlarından və müxtəlif aqreqatlaşdırma operatorlarından istifadə olunaraq seçilmiş meyarlar əsasında namizədlər ranqlaşdırılır. Ədədi eksperimentdə hər iki metodun tətbiqi ilə namizədlər ranqlaşdırılır və alınmış nəticələr müqayisə olunur. Təklif olunan qeyri-səlis çoxmeyarlı qərar qəbuletmə modeli (ÇQQM) namizədlərin seçilməsində kompromis həll variantının müəyyən edilməsinə imkan verir.

Qeyd edək ki, “Soft Computing” jurnalı “Web of Science” (İF 2.784), “DBLP”, “Compendex”, “Computer Scienc e Index”, “Current Abstracts”, “Current Contents”, “EBSCO host”, “Google Scholar”, “SCOPUS”, “INSPEC”, “Ingent Connect”, “MetaPress”, “Springer Link”, “OCLC” beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.