Finlandiyada inanırlar ki, Avropa İttifaqına üzv ölkələrin yaşından və təhsil səviyyəsindən asılı olmayaraq, hər bir vətəndaşının həyatı boyunca təhsilini davam etdirmək imkanı olmalıdır. Bu məqsədlə Finlandiya hökuməti Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarına süni intellektə dair pulsuz onlayn-kurslardan keçməyi təklif edir.
Milad bayramı ərəfəsində Avropa İttifaqı ölkələrinə hədiyyə kimi təqdim edilən bu kurslar Finlandiyanın Aİ-də sədrliyinin sonuna həsr edilib və yalnız Avropa İttifaqı vətəndaşları üçün nəzərdə tutulub.
goodnewsfinland.com saytının verdiyi xəbərə görə, Finlandiya hökumətinin Helsinki Universiteti ilə birlikdə işləyib hazırladığı bu layihə 2021-ci ilə qədər davam edəcək. Onlayn-kurslar cəmiyyətin durmadan rəqəmsallaşmasından və əmək bazarında süni intellektin insanlara təklif etdiyi imkanlardan faydalanmaqda Aİ ölkələrinə kömək etməlidir. Kurs süni intellektin elementar konsepsiyalarını praktikada əhatə edir, lakin kodlaşdırma kimi mürəkkəb məsələlərin dərinliyinə getmir.
Hökumətin bu təklifini şərh edən Finlandiyanın Əmək naziri Timo Harakka “süni intellektin əhəmiyyəti artdıqca bizim rəqəmsal bilik və bacarıqlara olanj ehtiyac meyarımız da günbəgün artır. Əmək bazarındakı dəyişikliklər, iş yerlərinin dəyişdirilməsi, rəqəmsallaşma və artan qlobal rəqabət - bütün bu proseslər AB üçün bir şey deməkdir: biz insanlara sərmayə qoymalıyıq” – deyə bildirib.
Hazırda layihə fin, ingilis, İsveç və eston dillərində istifadəyə verilib. Lakin layihənin yaradıcıları əmin edirlər ki, o, Aİ-yə daxil olan bütün ölkələrin dillərində təqdim ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.