3D çap texnologiyasının möcüzələrindən biri də elektrikli idman avtomobilinin çap edilməsi olub.
Alman şirkəti “BigRep” bütün detalları 3D printerdə çap edilmiş idman avtomobili yaradıb. Avtomobil elektrik ötürücü və sərbəst idarəetmə sisteminə malikdir.
285 x 146 x 85 santimetr ölçülü maşın “BigRep Pro”, “Studio G2” və “One” printerlərdə çap edilmiş 14 unikal komponentdən ibarətdir.
4pda.ru saytının məlumatına görə, kiçik dörd təkərli “Loci” avtomobilinin dizaynı “NowLab” konsaltinq şirkətinə məxsusdur. Cihazın korpusu “Pro HT” və “PLR BigRep” materiallarından istifadə etməklə çap olunub. Tirlər və birləşmələr 6 (PA6/66) neylonundan, şinlər isə termoplastik poliuretandan hazırlanıb. Bu qurğu sensor ekranı, audiosistemlər, smartfonlar üçün simsiz yükləmə və LED işıqlandırma sistemi ilə də təchiz olunub.
Mütəxəssislər unikal vəzifələri yerinə yetirmək üçün hazırlanmış elektrikli idman avtomobilinin üç modelini təklif edirlər:
Berlin modeli kənd sakinləri üçün nəzərdə tutulub. O havasız şinlər və inteqrasiya edilmiş çip ilə təchiz olunub. Bu modeldə hissələrin hər birinin texniki vəziyyətini izləmək üçün simsiz texnologiyadan istifadə də nəzərdə tutulub.
San-Fransisko modeli dar gövdə və iki sərnişin oturacağı, həmçinin yağışdan qorunmaq üçün sağ tərəfdə yerləşdirilən qapı ilə təchiz olunub.
Dubay modeli hava limanı üçün lüks nəqliyyat hesab olunur. Geniş baqaj sahəsi və möhkəm səhra şinləri ilə təchiz olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.