Orbitdə peyklərin və kosmik tullantıların sayı artdıqca onların toqquşma ehtimalı da artır.
Toqquşmaların qarşısını almaq üçün Texas Universitetinin alimləri kosmosda təhlükə yarada bilən məsafə qədər bir-birinə yaxınlaşan obyektləri izləyən yeni alət hazırlayıblar.
“Conjunction Streaming Service Demo” adlı cihaz real vaxt rejimində yerətrafı orbitdə bir-birinə çox yaxın olan 1500-dək obyekti göstərə bilir. Burada X oxu üzrə vaxt izlənilir, Y oxunda isə iki yaxınlaşan kosmik obyekt arasındakı məsafə - 5 ilə 0 kilometr arasında ölçülür.
hightech.fm saytının məlumatına görə, tədqiqatçılar səma cisimlərini çox sayda qövs olan qrafikdən istifadə edərək izləyirlər. Qövsün uzanması iki cismin bir-birindən təhlükəli məsafədə yerləşməsinə işarədir. Hər qövs obyektlərin tipini göstərən rəng nişanlamasına malikdir. Yaşıl qövslər aktiv peykləri, sarı qövslər peyk və səma cismini, qırmızılar isə iki səma cismini göstərir.
Cihazın məqsədi, kosmik sahənin böyük olmasına baxmayaraq, obyektlərin çox vaxt yaxın olduğunu göstərməkdir. Mütəxəssislər qeyd edirlər ki, cisimlər çox yüksək sürətlə kosmosdan keçir, hətta bəziləri bir güllə sürətindən 15 dəfə tez hərəkət edə bilirlər.
Tədqiqatçılar, həmçinin, planetimizin ətrafında kosmik aparatların, eləcə də raketlərin hissəciklərinin böyük miqdarının qaldığını və onların orbital stansiyalar üçün təhlükə yaratdığını qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.