Süni intellekt plastik cərrahlara “gözəllik parametrləri”ni müəyyənləşdirməyə kömək edir

28 Noyabr 2019 - 11:10 | Maraqlı məlumatlar
Süni intellekt plastik cərrahlara “gözəllik parametrləri”ni müəyyənləşdirməyə kömək edir

“OneZero” nəşri plastik cərrahiyyədə süni intellektdən istifadə haqqında tədqiqatı dərc edib. Müəlliflər aşkar ediblər ki, ABŞ-da artıq 35 faiz şirkət alqoritmlərin köməyilə müştərilərin xarici görünüşünü dəyişdirməyi təklif edirlər. Lakin tədqiqatçıların əksəriyyəti süni intellektin hələ bu kimi qərarları qəbul edə bilmədiyini söyləyir və bunun “gözəlliyin unifikasiyası” (vahid şəklə salınması) ilə nəticələnəcəyinə görə olduqca narahatdır.

hightech.fm saytının məlumatına əsasən, ABŞ-da təxminən 35 faiz şirkət yeni texnologiyadan istifadə edir. Burada hərəkət, xarici görünüş və üz ifadəsini real şəkildə əks etdirən sifətin 3D-görüntüsünü yaratmaq üçün müştərinin şəkilləri süni intellekt tərəfindən öncədən analiz edilir. Sonra alət potensial dəyişiklikləri təhlil edir və müştərinin hansı əməliyyata razılaşaraq, cazibədarlığını artırmağa nail ola biləcəyini qeyd edir.

Plastik cərrahlara süni intellektin tətbiqi ilə kömək edən məşhur alətlərə misal olaraq, “BioMedX” və “Crisalix”i göstərmək olar. Onlar pasiyentlərə əməliyyatdan sonra necə görünəcəklərini göstərən 3D-modeli yaradır. Lakin proqram təminatının problemlərindən biri ondan ibarətdir ki, parametrlər yaş və dəri tonu ilə əlaqədar olaraq, həmçinin fərqli işıqlandırma altında dəyişə bilər.

Bəzi ekspertlər gözəllik qiymətləndirmələrinin alqoritmə ötürülməsinin təhlükəli olduğunu söyləyiblər. Onlar bildiriblər ki, süni intellektin səhvi düzəldilməsi mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Bəzi tədqiqatçılar isə insanların xarici görünüşünün kəskin unifikasiyasından ehtiyat edirlər. Həmçinin süni intellektdən estetik qiymətləndirmələrdə istifadənin gözəlliyin mədəni müxtəlifliyini poza biləcəyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.