AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Vətəndaşların adlandırılması sistemi və milli identiklik məsələləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.
Şöbənin baş mütəxəssisi Əfruz Qurbanova Azərbaycanda vətəndaşların adlandırılması ilə bağlı mövcud problemlərin araşdırıldığını, qloballaşma dövründə informasiya cəmiyyəti şəraitində bu problemlərin doğurduğu neqativ halların nəzərdən keçirildiyini, Azərbaycan ad və soyadlarının, bununla bağlı tarixi ənənələrin, adlandırma strukturunun ətraflı təhlilinin aparıldığını qeyd etdi.
O, bildirdi ki, müasir dünyamızın əsas reallıqlarından birinə çevrilmiş virtual məkanda hər bir azərbaycanlı üçün elə bir ad mühiti yaradılmalıdır ki, bütün dünya azərbaycanlılarının milli identikliyini təmin etsin, bizi başqa xalqlardan fərqləndirə bilsin. Vurğuladı ki, müxtəlif xalqlarda nəsil adı ilə adlandırma ənənələri nə qədər qədim olsa da, “familiya (soyad)” termininin özü eramızın III-IV əsrlərində yaranmışdır.
Təşəkkül tapdığı ilk çağlardan yüksək sosial status nişanəsi, zadəganlıq göstəricisi sayılması soyadlara marağın artmasına və onların kütləviləşməsinə böyük təsir göstərdiyini söyləyən Ə.Qurbanova qeyd etdi ki, ilk vaxtlar soyadlardan adi insanlar deyil, daha çox zadəganlar istifadə ediblər.
Məruzəçi XIX əsrdə Azərbaycanda savadsızlığın kütləvi xarakter daşımasının -ov/-yev, -ova/-yeva sonluqlarının geniş yayılmasına əlverişli şərait yaratdığını, müstəqillik illərində isə dünyaya yeni gələn körpələrin soyadlarında -ov/-yev, -ova/-yeva sonluqlarının çəkisinin xeyli azaldığını diqqətə çatdırdı. Bildirdi ki, bunun bir çox hallarda “zadə” və sonluqsuz formalardan istifadə meylinin artması hesabına baş verməsi, eyni zamanda –ov/ -yev, -ova/ -yeva sonluqlarının hələ də qalması bu cür soyadları daşıyan vətəndaşlarımızın qlobal mədəniyyət müstəvisində digər türkdilli xalqlardan və başqa müsəlman ölkələrinin vətəndaşlarından fərqləndirilməsində, identifikasiya olunmasında ciddi çətinliklər yaradır.
Adlandırma sisteminin müxtəlif xalqlarda fərqli olduğunu və Azərbaycanda adlandırma sisteminin biradlılıqdan çoxadlılığa doğru inkişaf etdiyini söyləyən Ə.Qurbanova Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin hazırda vətəndaşın yalnız bir adla, eləcə də ləqəblərlə, təxəllüslərlə qeydiyyata alınmasına imkan vermədiyini diqqətə çatdırdı.
Məruzəçi qeyd etdi ki, adlandırılmada dəqiq ardıcıllığa – ad/ata adı/soyad rəğmən müxtəlif təşkilatların gündəlik fəaliyyətində aparılan sənədləşmə zamanı həmin ardıcıllıq pozulur və bu sahədə milli identiklik modelinin əsası olan dəqiq, stabil milli adlandırma sistemi formalaşdırılmır,bəzi rəsmi sənədlərdə də bu komponentlər yerini dəyişir, ad, ata adı, soyad ardıcıllığına əməl edilmir, inisial yazılarından istifadə olunur, şəxsin kimliyini müəyyən etmək çox çətinləşir, bəzən heç mümkün olmur.
Artıq Azərbaycanda da biometrik pasportların və yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlandığını diqqətə çatdıran Ə.Qurbanova təlimata uyğun olaraq biometrik pasportun vizual yoxlama və maşının oxuduğu zona olmaqla iki zonasının olduğunu söylədi. Vurğuladı ki, pasportda titulları, akademik dərəcələri, fəxri adları, mükafatları, irsi statusları və s. bildirən sözönləri və şəkilçilərdən, rəqəmlərdən istifadə oluna bilməz.
Sonda Ə.Qurbanova ölkə üzrə bütün sənədləşmə və qeydiyyat işlərinin ardıcıllığın saxlanması şərtilə aparılmalı olduğunu bildirdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.