AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Big Data erasında fərdi məlumatların təhlükəsizliyi problemləri haqqında” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.
Şöbənin əməkdaşı Şahanə Mansurova məruzəni təqdim edərək qeyd etdi ki, müasir İKT-nin inkişafı və çoxsaylı sahələrə tətbiqi nəticəsində əsaslı dəyişikliklər baş verib. Bu dəyişikliklərdən biri də fəaliyyət sahələrində toplanan verilənlərin həcminin böyük sürətlə artmasıdır.
Onun sözlərinə görə, Big Data verilənlərin potensial dəyərini araşdırması və nəhəng verilənlərin saxlanması və təhlili ilə iqtisadi və sosial inkişafa xidmət edir. O, faydaları ilə yanaşı artan inkişafı fonunda informasiya təhlükəsizliyi problemlərini də ortaya çıxarır.
Məruzəçi qeyd etdi ki, emal edilən informasiyanın sürətli axını dövründə Big Data adlandırılan bu fenomeni xarakterizə edən “v”lər (volume, velocity, variety) verilənləri daha səmərəli istifadə etmək, saxlamaq, analiz edərək daha qiymətli informasiyanı əldə etmək ideyasını özündə əks etdirir.
“Big Data mühitində əldə olunan resurslardan maksimum istifadə etməklə, cəmiyyət və biznes sahəsində dəyər yaratmaq üçün yeni nəsil analitik texnologiyalar yaradılır və istifadə edilir”, - deyə bildirən Ş.Mansurova real vaxta maksimum yaxın rejimdə verilənlərin analizinə olan tələbatın müxtəlif parametr, xarakteristika, hadisə və s. arasındakı əlaqənin tapılmasına, klassifikasiya, eləcə də analitik hesabatlar və bunun əsasında proqnozların verilməsinə imkan verən BV analitikasının (Big Data Analytics) yaranmasına gətirib çıxardığını vurğuladı. Bildirdi ki, əsaslandırılmış düzgün qərarların qəbul edilməsində, hüquq qaydalarının qorunmasında, milli təhlükəsizlik, terrorizm faktlarının aşkar edilməsində və s. risk sistemlərinin daha yaxşı idarə edilməsində bu texnologiyadan istifadə önəmlidir.
Ş.Mansurovanın sözlərinə görə, Big Data və informasiya təhlükəsizliyi məsələlərinə informasiya təhlükəsizliyində Big Data analitikanın tətbiqi və Big Data texnologiyalarında informasiya təhlükəsizliyi problemləri aspektindən yanaşmaq olar. İnformasiya təhlükəsizliyinin təmin edilməsində insanlarla yanaşı proses və texnologiyalar kimi mühüm komponentlər də iştirak edir.
Məruzəçi Big Datada fərdi məlumatların mənbəyindən danışaraq fərdi məlumatların şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatlar olub, toplandığı andan mühafizə olunmalı və yalnız toplandığı məqsədlər üçün istifadə edilməli olduğunu bildirdi. Qeyd etdi ki, müşahidə kameralarının məlumatları, sosial şəbəkələrdəki yazışmalar və paylaşılan multimedia məlumatları, veb-saytların loq-faylları, mobil və ənənəvi rabitə ilə danışıqlar, elektron xidmətlərin tranzaksiyaları açıq və konfidensial kateqoriyalara bölünən fərdi məlumatların Big Data mənbələri hesab olunur.
“Sənayedə İKT-nin imkanlarının geniş miqyaslı tətbiqi “4-cü sənaye inqilabı” konsepsiyasının gətirdiyi problemlərdən ən başlıcası fərdi məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunması məsələləridir”, deyə bildirən Ş.Mansurova sənaye 4.0-a təkan verən əsas amillər, Əşyaların İnterneti (IoT), kiber-fiziki sistemlər, süni intellekt, Bulud və Big Data-da fərdi məlumat məxfiliyinin pozulması səbəbləri, eləcə də Big Data analitikası texnologiyalarında informasiya təhlükəsizliyi barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, böyük həcmli məlumatların inkişafı kontekstində informasiya təhlükəsizliyinin təmin olunması sahəsində fərdi məlumatların mühafizəsi mühüm problemlərdəndir.
Onun sözlərinə görə, Big Data analitika texnologiyalarını informasiya təhlükəsizliyi sistemlərində tətbiq etməklə milli təhlükəsizlik, terrorizm, qaçaqmalçılıq və s. kimi bir çox sahələrdə təhlükəsizlik risklərini azaltmaq mümkündür. Beynəlxalq təcrübədə ortaya qoyulan bir sıra tələblərin ölkəmiz üçün də reallaşdırılması mühüm məsələlərdəndir.
Sonda şöbə müdiri Təhmasib Fətəliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirdi. Məruzə ilə əlaqədar fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.