AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi. İclasın sədri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbirin Valeh Mustafayevin dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.
12.03.01 – “Kompüter elmləri” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almaq iddiasında olan Valeh Mustafayev “Petri şəbəkələri nəzəriyyəsinin tətbiqi ilə modelləşdirilmənin avtomatlaşdırılması” mövzusunda dissertasiya işi haqqında ətraflı məlumat verdi.
Bildirdi ki, dissertasiyada ənənəvi, zaman, rəngli, cəbri, stoxastik, qeyri-səlis, stoxastik cəbri, qeyri-səlis cəbri Petri şəbəkələrinin tətbiqi ilə mürəkkəb və qeyri-səlis şəraitdə fəaliyyət göstərən dinamik əlaqəli proseslərin modelləşdirilməsinin avtomatlaşdırılması məsələsinə baxılmışdır. Bu məqsədlə mürəkkəb və qeyri-səlis şəraitdə fəaliyyət göstərən dinamik əlaqəli proseslərin modelləşdirilməsinin müasir vəziyyətinin təhlili aparılmış, problemin həllini çətinləşdirən səbəblər müəyyən edilmişdir.
Mürəkkəb və qeyri-səlis şəraitdə fəaliyyət göstərən dinamik əlaqəli proseslərin Petri şəbəkələri nəzəriyyəsinin tətbiqi ilə modelləşdirilməsi məqsədilə şəbəkənin matrislər nəzəriyyəsinə əsaslanan, verilənləri modelləşdirmə mühitində istifadə olunan effektiv formaya çevirən, modelin strukturunu, dinamikasını mümkün vəziyyətlər çoxluğunu, keçidlərin yerinə yetirilməsi ardıcıllığını vektorlar va matrislər toplusu şəklində təsvir edən yanaşma üsulu işlənmiş, müvafiq alqoritmlər təklif edilmiş və onun proqram təminatı sistemi hazırlanmışdır.
Məruzəçinin sözlərinə görə, dissertasiyada alınmış elmi-praktiki nəticələr çevik istehsal sistemlərinin layihələndirilməsində və idarəetmədə istifadə oluna bilər.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Çıxış edənlər dissertasiya işinin aktuallığını önə çəkərək, yüksək elmi nəticələrin əldə edildiyini, müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirildi. Dissertasiya işinin 1203.01 - “Kompüter elmləri” ixtisasına tam uyğun olduğu bildirildi və növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.