AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi” mövzusu üzrə elmi seminar keçirildi. Araşdırmaların ilkin nəticələrini təqdim edən 6 saylı şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev küyün insan orqanizminə təsiri, onun normalaşdırması və ölçməsi, mühafizəsi problemləri, beynəlxalq və milli qanunvericilik bazası, akustik küy monitorinqi sistemləri (AKMS), ərazinin küy xəritələri barədə məlumat verdi. Məruzəçi, BMT-nin dünyanın inkişafı konsepsiyalarından bəhs etdi, gələcək dayanıqlı inkişafın ekoloji problemlərin həllindən asılı olduğunu vurğuladı. O, bəşəriyyətin qlobal ekoloji problemlərindən danışaraq bildirdi ki, küy çirklənməsi insan sağlamlığına ziyanlı təsirinə görə ikinci ekoloji amildir. Məruzəçi, akustik küyün tezlik spektri, zaman, tezlik xarakteristikaları, yaranma təbiətinə görə təsnifatı və onun yayılma arealını diqqətə çatdırdı. Son 10-15 il ərzində böyük şəhərlərdə küy çirklənməsinin 1,5 dəfə artdığını dedi.
B.Ağayev qeyd etdi ki, səs-küyün tezlik diapazonları üzrə təsnifatı, tezlik və zamana görə təsviri, səsin intensivliyi və ucalığı onun fiziki parametrləri, nəqliyyat vasitələri, texnoloji və mühəndis avadanlıqları, ictimai və kommunal fəaliyyət küyləri isə əsas küy mənbələridir. Məruzəçi, küyün insan orqanizminə mənfi təsirləri, onun yaratdığı xəstəliklər, eşitmə həddinin azalmasına məruz qalan insanların payı, yaşayış və ictimai binalar üçün ölçmə normaları, kollektiv, eləcə də fərdi mühafizə tədbirləri, onların növləri haqqında məlumat verdi. Şöbə müdiri həmçinin, akustik küy üzrə normativ beynəlxalq hüquqi bazanı, eləcə də MDB ölkələrinin, Azərbaycanın qanunvericilik bazalarını diqqətə çatdırdı.
B.Ağayev insanın təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühitin küy çirklənməsinin kompleks müşahidəsi, qiymətləndirilməsi və proqnozlaşdırılması prosesi olan akustik küy monitorinqi, onun funksional mərhələləri, monitorinq sisteminin səviyyələri haqqında danışdı. Qeyd etdi ki, ərazidə akustik küy çirklənməsi səviyyələrinin ölçülməsi, verilənlərinin qəbulu, toplanması və arxivləşdirilməsi, monitorinq nəticələrinin vizuallaşdırılması məqsədilə sahələrin küy xəritələrinin işlənməsi, faktiki küy vəziyyətinin normativ qiymətlərlə müqayisəsi, vəziyyətin müəyyənləşdirilməsi və proqnozlaşdırılması küy monitorinq sistemlərinin əsas məqsəd və funksiyalarıdır. Monitorinq obyektinin tədqiqi, bu istiqamətdə məqsədlərin müəyyənləşdirilməsi və prosesin planlaşdırılması, rejiminin müəyyənləşdirilməsi, prosesin təşkili və aparılması isə monitorinq prosesinin əsas mərhələləridir.
“Küyün ərazi üzrə paylanmasının vizual təsviri xəritəsi adlanan küy xəritəsi şəhər-tikinti-planlanlaşdırma və arxitektur-şəhərsalma işlərindəki sənədlər kompleksinin tərkib hissəsidir”, – deyə bildirən B.Ağayev küy xəritələri əsasında həyata keçirilən mühafizə tədbirlərini diqqətə çatdırdı, AMEA İTİ-yə ətraf mühitin küy təsiri barədə məlumat verdi.
Məruzəçi, sonda ölkəmizdə bu sahədə mövcud problemlərdən söz açaraq Azərbaycanda küy məsələlərinə aid yeni qanunvericilik bazasının yaradılmasının, milli AKMS-in yaradılması istiqamətində Bakı şəhərinin AKMS-nin yaradılması konsepsiyasının işlənməsinin, küy vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə kompleks elmi-praktiki işlərin aparılmasının zəruriliyindən danışdı. O, AKMS-nin yaradılması proqramının, iş planının işlənilməsi və mərhələli tətbiqinin, şəhərin küy xəritələrinin hazırlanmasının, sistemin təkmilləşdirilməsinin və əhatə dairəsinin genişləndirilməsinin vacib məsələlərdən olduğunu vurğuladı.
Daha sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədqiqatın müasir dövrdə aktuallıq kəsb etdiyini və ölkə əhəmiyyətli məsələlərə həsr olunduğunu bildirdi, təklif və tövsiyələrini səsləndirdi.
Seminarda, həmçinin 29 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransına hazırlığın vəziyyəti müzakirə edildi. Qeyd olundu ki, əsas məqsədi fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsi olan konfransın tədbirlər planı hazırlanıb, vəzifələr müəyyənləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.