AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Şöbə müdiri Təhmasib Fətəliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Təqdim edilən materialın AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi “Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxalq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi” qrant layihəsi çərçivəsində 5 ayda görülmüş işlərin nəticələrini əks etdirdiyini vurğuladı.
Qeyd etdi ki, elmi fəaliyyətdə və elmin idarə edilməsi məsələlərində informasiya texnologiyalarının tətbiqi AMEA-da həyata keçirilən islahatların prioritet sahələrindən olaraq e-elm layihəsi çərçivəsində reallaşdırılır. Layihənin mühüm istiqamətlərindən biri də müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması və elmdə idarəedici qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasıdır.
AR-in elm və təhsil müəssisələrində elm sahələri üzrə çox sayda elmi nəşrlər vardır. Həmin nəşrlər ölkə miqyasında elmi informasiya mübadiləsinin həyata keçirilməsində, elmi nəticələrin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Lakin Azərbaycanın beynəlxalq elmi əlaqələrinin sürətlə genişləndiyi müasir informasiya cəmiyyəti şəraitində həmin jurnallar müəyyən parametrlər üzrə beynəlxalq normativ standartlara cavab vermir və nəticədə elmi nailiyyətlərin sürətlə yayılmasında ciddi maneələr yaranır. Bu baxımdan nəşr olunan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsi probleminin həlli zəruridir. Elmi jurnalların qrant layihəsi çərçivəsində bu məqsədlə həyata keçirilən monitorinqi onların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi və beləliklə də, Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına dəstək olacaq. Qrant layihəsi çərçivəsində beynəlxalq təcrübə və AR-in Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər” nəzərə alınmaqla respublikanın elmi qurumlarında nəşr olunanan jurnalların monitorinqi aparılır və alınmış ilkin nəticələr təqdim olunur.
O, qrant layihəsinin məqsədi, vəzifələri, həll olunan məsələlər, alınmış və gözlənilən nəticələr barədə ətraflı məlumat verdi.
T.Fətəliyev bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğuladı, həmin istiqamətdə görülmüş işlərdən söz açdı. Bu məqsədlə İstanbul Texniki Universiteti (İTU) və Belarus MEA-nın Birləşdirilmiş İnformasiya Problemləri İnstitutunda (BİPİ) ezamiyyətdə olduğu müddətdə əldə etdiyi nəticələri təqdim etdi. Hər iki ezamiyyətin səmərəli və işgüzar şəraitdə keçdiyini vurğuladı.
İTU-ya səfər çərçivəsində müvafiq qurumlarla tanış olduğunu, problemlərin müzakirə edildiyi, xüsusən universitetin “Kuzey Kıbrıs Türk Cumhuriyeti” Araşdırmalar Mərkəzinin rəhbəri, Kipr Kampusunun rektoru, “Scopus” beynəlxalq elmi bazasına daxil olan “Journal of Hydrology”nin sahə redaktoru prof. Ercan Kahya ilə görüş haqqında seminar iştirakçılarını məlumatlandırdı.
Həmçinin Belarus Milli Elmlər Akademiyası BİPİ-yə səfər çərçivəsində institutun baş direktoru, “İnformatika” jurnalının baş redaktoru, t.e.d., prof. A.V.Tuzikov, elmi işlər üzrə direktor müavini, t.e.n. V.A.Lapiski, “Kosmik və informasiya texnologiyalarının birgə proqramları” şöbəsinin baş elmi işçisi, t.e.d. S.F.Lipniski, “Elmi tədqiqtların informasiya təminatı” laboratoriyasının müdiri, t.e.n., b.e.i. R.B.Qriqyanes ilə görüşlərdən danışdı.
Qeyd etdi ki, hər iki görüşdə elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi istiqamətində araşdırmaların aparılmasının aktuallığı vurğulanmış və mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılmış, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi razılığı əldə olunmuşdur.
Sonda şöbə müdiri iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, şöbə müdiri Səyyar Abdullayev və institutun böyük elmi işçisi Roza Şahverdiyeva təqdim olunan mövzu ilə əlaqədar sual və təkliflərini səsləndirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.