Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslər işlənilib

30 Oktyabr 2019 - 10:27 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin cari il üzrə hesabatını təqdim etdi. M.Səidova şöbədə aparılan elmi-tədqiqat işlərindən söz açaraq elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, cari ildə jurnalların qiymətləndirilməsi üçün kvartil çəkili İF, tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün h-nüvə və h-uzantı istinadlarını balanslaşdıran indekslər tədqiq olunub, elmi təşkilatların, tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodlar işlənilib.

M.Səidova antiplagiat sistemlərinin analizi və milli antiplagiat sisteminin yaradılması konsepsiyasının işlənilməsi ilə bağlı görülən işlərdən danışdı. Məruzəçi antiplagiat sistemlərinin iş prinsiplərinin öyrənilməsi, İnternet mühitində mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunmaq üçün tövsiyələrin işlənilməsi, plagiatlıqla mübarizə üsulları, beynəlxalq kitabxana idarəetmə sistemlərinin vəziyyəti və mövcud problemləri, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yollarının araşdırılması ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, bununla yanaşı e-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması, Azərbaycan dilinin öyrədilməsi və qiymətləndirilməsinin mövcud vəziyyətinin tədqiqi və bu istiqamətdə xarici təcrübə araşdırılıb.

Onun sözlərinə görə, şöbədə sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi, onlayn sosial şəbəkələrdə informasiya diffuziyası modelləri və informasiya yayılmasında əsas faktorların aşkarlanması istiqamətində uğurlu nəticələr əldə olunub.

Məruzəçi cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi. Həmçinin beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəm kitabxanalarına üzvlüklə əlaqədar işlərin görüldüyünü vurğuladı.

Sonra şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışan M.Səidova cari ildə Azərbaycanın Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq “EBSCO”, “eİFL“ və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradıldığını, “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşaiyəti ilə əlaqədar əməkdaşlıq əlaqələrinin aparıldığını bildirdi.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlərdən bəhs etdi.

Sonra şöbənin hesabatına dair ətraflı fikir mübadiləsi aparıldı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək tədqiqatların davam etdirilməsinin zərurliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.