Elektron təhsil mühitinin intellektuallaşdırması üzrə Data Mining imkanları araşdırılıb

18 Oktyabr 2019 - 12:40 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10 saylı şöbənin “Elektron təhsil mühitinin intellektuallaşdırması üzrə Data Mining imkanlarının araşdırılması” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev tədrisdə Data Mining texnologiyalarının tətbiqi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Data Mining özündə böyük həcmli verilənlərdən insan fəaliyyətinin müxtəlif sferalarında qərarların qəbul olunması üçün lazım olan faydalı və yeni informasiyanın tapılmasını ehtiva edir.

Onun sözlərinə görə, bu texnologiya lazımi informasiyanın şagirdlərə vaxtında çatdırılması, tədris prosesinin təkmilləşdirilməsi, “ağıllı tədris proqramı”nın hazırlanması, maarifləndirici prosesin fərdiləşdirilməsi, sosial şəbəkələrdən şagird haqqında informasiyanın əldə olunması, tədris prosesin daimi monitorinqinin aparılması və s. imkanları təklif edir.

“Təhsil Data Mining texnologiyalarının köməyi ilə intellektual analizi (EDM – Educational data mining) tədris sahəsindən daxil olan məlumatların öyrənilməsi üçün metodların tətbiqi və bu metodların tələbələrin və onların təhsil aldıqları şərtlərin daha yaxşı başa düşülməsi üçün istifadə olunması ilə bağlıdır”,– deyə bildirən məruzəçi EDM-in qarşıya qoyulmuş məsələlərin həlli məqsədilə geniş istifadə olunduğunu söylədi. Qeyd etdi ki, EDM-dən istifadə etməklə həll olunan təhsil prosesi problemlərinə baxış, EDM-in əsas metodlarının tədqiqi, EDM-in tətbiq edilmə sahələrinin öyrənilməsi və məlumat analizi üçün alətlərin icmalının hazırlanması vacib məsələlərdəndir.

Daha sonra şöbənin aparıcı mütəxəssisi Gülarə Məmmədova çıxış edərək qeyd etdi ki, böyük həcmli məlumatların emalı üçün bütün informasiyanı yenidən emal etməyə ehtiyac yoxdur: “Belə ki, modelləri kiçik kəsimlər əsasında qurmaq və onları bütün çoxluğa tətbiq etmək olar”.

Məruzəçi məsələlərin Data Mining-in klassifikasiya, reqressiya, klasterizasiya, assosiasiya, ardıcıllıq kimi metodları vasitəsilə həlli üsullarından danışdı, bu metodların hər biri haqqında ətraflı məlumat verdi.

O, e-təhsildə Data Mining-dən istifadənin əsas məqsədini diqqətə çatdırdı, onun e-təhsildə tətbiqinə dair sxemini nümayiş etdirdi.

G.Məmmədova elektron təhsil resursların təsnifatını təqdim etdi, buraya tədris resursları mətninin təşkili, təqdim edilən informasiyanın xarakteri, ifadə forması və məqsədli təyinat üzrə təsnifatın aid edildiyini bildirdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.