AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Zərərli proqram təminatının aşkarlanması metodları” mövzusuna həsr edilmiş elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun kiçik elmi işçisi Elşən Bağırov zərərli proqram təminatı anlayışı barədə məlumat verdi, sadə kompüter viruslarına aid kod nümunələrini nümayiş etdirərək antivirus sistemlərinin test edilməsi üzrə ixtisaslaşan “AV-Test” təşkilatı tərəfindən açıqlanmış zərərli proqramların artım dinamikasına aid statistik məlumatlar təqdim etdi.
Məruzəçi zərərli proqramların müxtəlif əlamətlərə görə təsnifatı və müxtəlif siniflərin əsas xüsusiyyətləri, onların yayılma və yoluxdurma strategiyaları, müxtəlif əməliyyat sistemlərində icra olunan faylların format və strukturu, müxtəlif aşkarlama üsullarında istifadə edilən əlamətlər haqqında danışdı.
E.Bağırov antivirusların kompüter sistemlərini qorumaq üçün yerinə yetirdiyi mərhələləri və siqnatura əsasında işləmə prinsipini izah etdi, məlum zərərli proqramların aşkarlanması üsullarının dəqiqliyini göstərdi.
Zərərli proqram yaradıcılarının kompüterlər üçün yeni təhdidlər fikirləşdiklərini qeyd edən məruzəçi, onların mövcud zərərli proqramlar üzərində paketləmə, polimorfizm və metamorfizm üsullarını tətbiq etdiklərini, eləcə də siqnatura əsasında axtarış edən antivirusların bu kimi proqramları aşkarlamaqda çətinlik çəkdiklərini söylədi və yeni növ aşkarlama üsullarının yaranmasının zəruri olduğunu vurğuladı.
Daha sonra məruzəçi zərərli proqramların aşkarlanması üçün siqnatura və davranışa əsaslanan statik və dinamik analiz üsulları, onların üstün və mənfi xüsusiyyətləri haqqında məlumat verdi. Qeyd etdi ki, dinamik analiz üçün əlverişli mühit olan “sandboxing” texnologiyası zərərli proqram davranışlarını kompüter sisteminə zərər vurmadan aşkar edir.
E.Bağırov tədqiqat məqsədilə istifadə olunan zərərli proqram bazaları, bu bazalardan əlamətlərin çıxarılması üsulları və klassifikasiyası üçün hazır vəziyyətə gətirilməsi haqqında fikirlər səsləndirdi.
Sonda məruzəçi bu istiqamətdə aparılan elmi tədqiqatlar, görülən işlər və davam edən tədqiqat layihələri, tədqiqat qrupları haqqında məlumat verdi.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev zərərli proqram təminatının aşkarlanması üçün maşın təlimi yanaşmaları əsasında metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi, bir sıra təkliflər səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.