AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarda şöbə müdiri Anar Səmidov “Fraktal həndəsənin kompüter dizaynında perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək alimlərin müxtəlif ölçmə əməliyyatlarını həyata keçirmək üçün həndəsənin ənənəvi üsullarını dəyişən fraktal anlayışından istifadə etdiklərini qeyd etdi. Bildirdi ki, “fraktal qrafika” çox sürətlə yayılan kompüter qrafikası istiqamətlərindən biridir və onun riyazi əsası fraktal həndəsədən götürülüb.
Məruzəçi qeyd etdi ki, dizaynın çoxsaylı istiqamətləri arasında onun sənaye dizaynı, interyer və ya memarlıq kimi nəhəng istiqamətlərini qeyd etmək olar. Onun sözlərinə görə, sənaye dizaynı, sənaye məhsullarının struktur və funksional xüsusiyyətlərini, eləcə də görünüşünü təyin etmək məqsədi daşıyan bədii və texniki dizayn fəaliyyəti sahəsidir və sənaye dizaynının inkişafı ideya yaratmaq, konseptual işlənmə, eskiz, prototipləmə, 3D modelləşdirmə, vizualizasiya kimi addımları əhatə edir: “Fəaliyyət olaraq sənaye dizaynına sənət, marketinq və texnologiya elementləri daxildir”.
Təbiətdəki fraktal quruluşları təqdim edən A.Səmidov onun ədədi, həndəsi, eləcə də stoxastik fraktallar kimi növləri barədə məlumat verdi. Qeyd etdi ki, onlardan ən böyük fraktal qrupunu ədədi fraktallar təşkil edir və onlar n-ölçülü fəzada qeyri-xətti proseslər vasitəsilə əldə edilir. “Növbəti fraktallar sinfi təkrarlanan prosesdə onun hər hansı bir parametrini təsadüfən dəyişməsi zamanı yaranan stoxastik, ikiölçülü vəziyyətdə, qırıq xətlərin köməyi ilə əldə olunanlar isə həndəsi fraktallardır”.
Sonda şöbə müdiri mebel dizaynında, xalq sənətində fraktalların əks olunduğu sənət əsərlərini nümunələr əsasında təqdim etdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.