AMEA-nın Gəncə Bölməsində İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi yaradılıb

26 Sentyabr 2014 - 09:59 | Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsində İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi yaradılıb

Uzun müddətdir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində əyani təhsillə yanaşı distant təhsil xidmətləri də göstərilir. Bu xidmət AMEA-nın institut və təşkilatlarını çoxsaylı internet xidmətləri ilə təmin edən AzScienceNet elm kompüter şəbəkəsi üzərindən həyata keçirilir. Əsas məqsəd ölkənin regionlarında yaşayıb fəaliyyət göstərən doktorant və dissertantlara İnternet üzərindən dərslərin keçilməsidir. Artıq 4 ildir ki, Naxçıvan Muxtar Respublikasında yaşayan doktorant və dissertantlar bu xidmətdən istifadə edirlər.

Bu barədə məlumatı institutun Elmi şurasının iclasında çıxış edən Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova verib. Onun sözlərinə görə, bu yaxınlarda AMEA-nın Gəncə Bölməsində də institutun Distant Tədris Mərkəzi yaradılıb. Bu da, öz növbəsində, həmin bölgədə yerləşən universitetlər və elmi-tədqiqat institutlarının doktorant və dissertantlarına İnformasiya Texnologiyaları İnstitutunda informatika fənnindən doktorluq imtahanına hazırlıq məqsədilə təşkil olunan kurslarda distant iştirak etmək imkanı verir.

Qeyd edək ki, bu il oktyabr ayının 15-dən Gəncə və şəhərin  ətraf bölgələrində yaşayan doktorant və dissertantlara distant dərslərin keçirilməsinə start veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.