İsveçrənin Sürix Ali Texniki məktəbinin alimləri ayaq protezi yerə toxunduqda insanın bunu hiss etməsinə imkan verən sistem yaradıblar. Protez elektrik siqnallarını pasiyentin baldır sinirlərinə implantasiya edilmiş 4 elektroda ötürür. Ayaqdakı elektrodlar siqnalları “Bluetooth” vasitəsilə tutur.
meddaily.ru saytının məlumatına görə, adətən, bu sinir ayağın aşağı hissəsindən ötürülən siqnalları tutur. Alimlər bu mexanizmi protezi və insanın bədənini birləşdirərək istifadə ediblər. Yeni protez ayağının dizdən yuxarı hissəsi amputasiya edilmiş 3 pasiyentdə müvəffəqiyyətlə sınaqdan keçirilib. O, pilləkənlə 30 faiz daha sürətli qalxmağa və yıxılma riskini aşağı salmağa imkan verib.
İstehsalçılar qeyd edirlər ki, bununla protez və dizdən yuxarı hissəsi amputasiya edilmiş bədən arasında əlaqənin yaradılmasına ilk dəfə nail olunub. Bunun sayəsində pasiyentlər ayaqlarının altına baxmadan kələ-kötür səth üzərində asanlıqla hərəkət etməyə başlayıblar. Sınaqlar nəticəsində məlum olub ki, elektrodlar sisteminin aktivləşdirilməsi könüllülərə ayaq altındakı daşları, ayağın 27 zonasında titrəmə və sancmaları hiss etməyə imkan verir. Pasiyentlər yalnız 5 faiz hallarda büdrəyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.