Çinin Fudan Universiteti (Şanxay) və Çin Elmlər Akademiyası nəzdində Çançun Optika, Dəqiq Mexanika və Fizika İnstitutunun alimləri 500 meqapiksellik təsvir ölçülü “superkamera” hazırlayıblar. O, kütlə içərisindən insanların üzlərini detalları ilə çəkmək və onu tanımaq imkanına malikdir. Çin bu kameranı “milli müdafiə” və “ictimai təhlükəsizlik” məqsədilə istifadə edəcək.
Bildirilir ki, kamera inanılmaz təsvir keyfiyyətinə malik, kütlə içərisində insanların üzlərinin aydın görünəcəyi panoramik şəkillər çəkə bilər. Sistem onlar haqqında məlumatları buluda ötürür, bunun sayəsində konkret hədəfi tez tapmaq mümkün olur.
Kamera hərbi bazalarda, peyklərin işə salınması üçün meydançalarda və sərhədlərin mühafizəsində istifadə olunacaq.
ferra.ru saytının məlumatına görə, ekspertlər bu ixtira haqqında müsbət fikirdə deyillər. Belə ki, onlar bu sistemin dövlətə sakinlərin şəxsi həyatının toxunulmazlığına dair hüquqlarını pozmağa kömək edəcəyini iddia edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.