Bu barədə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində cari ildə görülmüş işlər haqqında çıxışı zamanı məlumat verdi. Direktor müavini bildirdi ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir.
AzScienceNet-in ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən R.Ələkbərov AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırdı. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, artıq ölkənin 18 təhsil müəssisəsi də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.
Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində işlərinin genişləndirildiyini söyləyən R.Ələkbərov təklif olunan 1 Gbit/san İnternet trafikdən 700 Mbit/san sürətin AzEduNet şəbəkəsinə təqdim olunduğunu diqqətə çatdırdı. Direktor müavini ümumilikdə təklif olunan 1Gbit/san trafikin 80%-ə qədərinin səmərəli istifadə olunduğunu vurğuladı.
O, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan yaradan LOLA (LOw LAtency audio visual streaming system) texnologiyasının Bakı Musiqi Akademiyasında quraşdırılması və işə salınması işlərinin həyata keçirildiyini bildirdi, açılış mərasiminin keçirilməsi üçün danışıqlar aparıldığını diqqətə çatdırdı.
R.Ələkbərov bildirdi ki, eduGAIN və eduROAM xidmətləri ilə bağlı məsul əməkdaşlara treninqlər təşkil olunmuş və müəyyən sazlama işləri aparılmışdır: “Hazırda eduGAIN-nın istifadəyə verilməsi üçün işlər aparılır”. O, həmçinin qeyd etdi ki, EaPConnect layihəsi çərçivəsində bir sıra avadanlıqlar alınmış, AzScienceNet-in mütəxəssislərinə “Juniper” avadanlıqlarının işə salınması ilə bağlı kursların keçirilməsi üçün işlər aparılmışdır.
Məruzəçi EapConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gbit/san, ehtiyat xəttinin isə 1Gbit/san sürətə çatdırılması üçün görülən işlər haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu məqsədlə 1 Gbit/san sürətli ehtiyat əlaqə kanalı çəkilmişdir. Cari ilin sentyabr ayının sonunda isə, İnternet trafikin 3 Gbit/san-ə çatdırılması nəzərdə tutulur.
R.Ələkbərov EapConnect layihəsi çərçivəsində GEANT təşkilatının nümayəndələri ilə hesabat xarakterli görüşlərin keçirilməsi və yeni şəbəkə avadanlıqlarının alınması istiqamətində aparılan müzakirələrdən söz açdı, EapConnect layihəsi çərçivəsində telekommunikasiya avadanlıqlarının alınması üçün tender sənədlərinin hazırlanması işlərinin həyata keçirildiyini dedi.
Məruzəçi qeyd etdi ki, bununla yanaşı, GEANT tərəfindən təşkil olunan konfranslarda, iclaslarda, görüşlərdə, treyninqlərdə mütəmadi olaraq iştirak edilmiş, o cümlədən sentyabrın 12-də Gürcüstanın Tbilisi şəhərində bu ölkənin Elm və Təhsil Şəbəkəsinin (GRENA) 20 illik yubileyində iştirak edilmiş, “EaPConnect 2” layihəsinin növbəti 5 il üçün təsdiq olunmasına dair hazırlıq işləri görülmüşdür. Həmçinin oktyabrın 20-də keçiriləcək Moldova Tədqiqat və Təhsil Şəbəkələşmə Assosiasiyasının (Research and Educational Networking Association of Moldova, RENAM) 20 illik yubileyində iştirak planlaşdırılır.
“EaPConnect E-İnfrastructure Conference”a (EaPCEC 2020-Baku) hazırlıq işlərinə başlanıldığını deyən R.Ələkbərov bu məqsədlə 6-7 noyabr 2019-cu il tarixlərində GEANT-ın nümayəndə heyəti ilə Bakıda ilk görüşün keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı.
Sonda çıxış ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.