Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Facebook” rəhbərliyinin vaksinlər haqqında doğru məlumatın yayılması üçün köməyin göstərilməsi ilə bağlı qərarını müsbət qarşılayıb. Bu platformanın və “Instagram” şəbəkəsinin istifadəçiləri immunizasiya və onun nəticələri ilə bağlı ən vacib faktları özündə birləşdirən ÜST səhifələrinə istiqamətləndiriləcəklər.
UN saytının verdiyi məlumata əsasən, ÜST və “Facebook” nümayəndələri bir neçə ay danışıqlar apardıqdan sonra peyvəndlər haqqında milyonlarla insana düzgün məlumat çatdırmağa imkan verən mexanizmlər işləyib hazırlayıblar.
ÜST tərəfindən informasiyanın bir neçə dildə dərc edilməsi vaksinlər barədə məlumatları dünyanın bütün bölgələrinə yaymağa imkan verəcək.
“Vaksinlərin köməyi ilə qızılca, difteriya, hepatit, poliomielit, vəba, sarı qızdırma və qrip kimi bir çox təhlükəli xəstəliklərin qarşısını almaq olar. İri texnoloji şirkətlər istifadəçilər qarşısında məsuliyyət daşıyırlar və onlar insanlar tərəfindən vaksinlər haqqında düzgün məlumatın əldə edilməsinə kömək etməlidirlər”, – ÜST-ün baş direktoru Tedros Qebreyesusun bəyanatında deyilir.
ÜST-ün məlumatına görə, peyvəndlər hər il 3 milyon insanın həyatını xilas etməyə kömək edir. Bu gün sosial şəbəkələr vaksinlər haqqında düzgün məlumatların yayılmasında çox vacib rol oynayır. Təşkilat nümayəndələri təəssüflə qeyd edir ki, sosial şəbəkələrdə tez-tez immunizasiya ilə bağlı təhrif edilmiş və yalan məlumatlar dərc olunur. Nəticədə valideynlər uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Hər il dünyada təxminən 20 milyon uşaq peyvənd olunmur.
“Vaksinlər və onların qarşısını alan xəstəliklər barədə yanlış informasiya xüsusilə internetdə çox tez yayılır. Bundan sonra valideynləri peyvəndin vacibliyinə inandırmaq çox çətin olur”, – BMT Uşaq Fondunun (UNİCEF) rəhbəri Henrietta For bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.