Ticarət dronlarından gələcəkdə daha geniş istifadə olunacağı proqnozlaşdırılır

08 Sentyabr 2019 - 09:15 | Texnoloji yeniliklər
Ticarət dronlarından gələcəkdə daha geniş istifadə olunacağı proqnozlaşdırılır

Pilotsuz aparatlar və dronlar bu gün dünya əhalisinin gündəlik həyatının bir hissəsinə çevrilib. Belə ki, onlardan binaların təftişində, ətraf mühitin monitorinqinin aparılmasında və sənayenin başqa sahələrində, eləcə də, həm həvəskar, həm də peşəkar videoqrafiyada geniş istifadə olunur.

Hətta, mütəxəssislər deyirlər ki, artıq kommersiya dronları hərbi sahədə istifadə olunan dronlardan daha üstündürlər.

discovery.com saytının verdiyi xəbərə görə, kommersiya dronlarının uçuş sistemləri zamanla daha təkmil və daha “ağıllı” olduğu üçün, mütəxəssislər yaxın gələcəkdə onlardan kənd təsərrüfatından tutmuş, pizza çatdırılmasına qədər qlobal miqyasda istifadə olunacağını gözləyirlər.

Məsələn, Google-un əsas şirkətlərindən biri olan “Alphabet” dronlar vasitəsilə evə sifarişin çatdırılması üzrə dünyada birincidir. Şirkət öz veb-saytında “Wing” layihəsinə daxil olan bu dronları həm rahatlıq, həm də ətraf mühitin qorunması məqsədilə əldə edilən mühüm uğur kimi qiymətləndirib. Layihənin əsas məqsədi, əmtəə məhsullarının əldə edilməsini genişləndirmək, istixanaların qaz tullantılarını minimuma endirmək və yollarda nəqliyyatının sıxlığını azaltmaqdır.

“Alphabet”in verdiyi məlumata görə, “Wing” layihəsinə daxil olan bu dronlar ilk olaraq, Avstraliyanın paytaxtı Kanberrada istifadəyə verilib. Onlar insanların gündəlik həyatında daha çox sifariş etdiyi dondurma, qəhvə kimi yüksək tələbatlı məhsulları cəmi bir neçə dəqiqə ərzində sifarişçiyə çatdıra bilirlər.

“Wing” dronları uçan Uber taksiləri və ya Lilium avtonom təyyarələrində (60 dəqiqə ərzində 300 km. məsafə qət edərək) sərnişinləri gedəcəkləri ünvana, biznes konvertlərini, apteklərdən sifariş olunan dərman və digər tibbi ləvazimatları, hətta, restoranlardan isti yeməkləri sifarişçilərə çatdırmağa qadirdirlər.

Mütəxəssislər bu dronlardan Afrika fillərinin qanunsuz ovu ilə məşğul olan brakonyerlərlə mübariz məqsədilə aparılan “Hava çobanı” layihəsində də istifadə etməyi planlaşdırırlar.

Bundan başqa, “Saildrone” kimi şirkətlər okeanların ekoloji vəziyyətini monitorinq etmək məqsədilə, pilotsuz külək və su dronları satırlar.

Dünyanın nəhəng texnologiya şirkətləri, o cümlədən, Google və Facebook internet bağlantılarının əhatə dairəsini genişləndirmək məqsədilə pilotsuz dronların avtonom texnologiyasından istifadə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.