Kibertəhlükəsizlik üzrə ekspertlər süni intellektin fırıldaqçılıq məqsədilə tətbiq olunduğunu aşkar ediblər. Belə ki, cinayətkarlar şirkət direktorunun səsini təqlid edən süni intellekt sistemindən istifadə edərək, əməkdaşlardan 220 000 avro, yəni təxminən 243 000 dollar vəsaitin köçürülməsini tələb ediblər.
3dnews.ru saytının məlumatına əsasən, fırıldaqçılar özlərini Böyük Britaniyada törəmə energetika firmasına malik olan bir alman şirkətinin direktoru kimi qələmə vermək məqsədilə səsin generasiyası üçün kommersiya proqram təminatından istifadə ediblər. Britaniyadakı firmanın rəhbəri böyük məbləğdə vəsaitin köçürülməsini həyata keçirməyi tələb edən müdiri ilə danışdığını düşünürdü.
Şirkətin adı açıqlanmasa da, qeyd edilir ki, fırıldaqçılarla ünsiyyət zamanı Britaniya bölməsinin rəhbərinin şübhələnməsi üçün heç bir əsas olmayıb. Çünki telefondakı səs müdirin səsinə çox bənzəyib. Cinayətkarlar onun səsi və ünsiyyət tərzini məharətlə təqlid ediblər, yüngül alman aksentini saxlayıblar. Bütün bunlar maksimal oxşarlığa nail olmağa imkan verib.
Vəsait şirkətin macar təchizatçılarından birinin hesabına köçürülüb. Bundan sonra cinayətkarlar yenidən direktora zəng vuraraq, daha bir təcili pul köçürülməsini həyata keçirməyi tələb ediblər. Lakin bu dəfə Britaniya şirkətinin direktoru şübhələnib və pul köçürülməsindən imtina edib.
Daha sonra Macarıstana göndərilmiş vəsaitin Meksikaya və bir neçə başqa ölkəyə köçürüldüyü aşkar olunub. Hazırda hadisə araşdırıldığından şirkətin və digər cəlb edilmiş tərəflərin adları gizli saxlanılır. Məlumdur ki, şirkət ona dəymiş zərəri ödəyən sığortaya malikdir. Mütəxəssislər qeyd edirlər ki, bu, süni intellekt sisteminə əsaslanan səs generatorundan istifadə etməklə həyata keçirilən ilk fırıldaqçılıq əməli olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.