Məhv olmayan robot-tarakan yaradılıb

07 Avqust 2019 - 15:06 | Texnoloji yeniliklər
Məhv olmayan robot-tarakan yaradılıb

Kaliforniya Universitetinin alimləri robot-tarakan yaradıblar. Həşəratların mənfi keyfiyyətlərinə malik olmayan qurğunu əzmək mümkün deyil. Bundan başqa, yeni robot potensial olaraq, onlarla insanın həyatını xilas edə bilər.

hi-news.ru saytının məlumatına görə, təxminən poçt markası ölçüsündə olan robot-tarakanın korpusu polivinilidenftorid adlı materialdan ibarət nazik örtükdən hazırlanıb. Yeni robotda cərəyan iki elektroda ötürülür. Onlar qurğunu əyilib-düzəlməyə vadar edirlər. Robotun ön hissəsində hərəkət istiqamətini müəyyənləşdirən xüsusi ayaqlar yerləşir. Bunun sayəsində robot müxtəlif səthlər üzərində asanlıqla hərəkət edə bilir.

“Miniatür robotların əksəriyyəti çox kövrəkdir. Siz onun üzərinə çıxsanız, robotu məhv edəcəksiniz. Biz aşkar etdik ki, robot-tarakana müəyyən forma versək, o, bu kimi ağırlıqlara dözə biləcək. Çəkisi cəmi 1 qram təşkil edən robot-tarakan hündürlüyə qalxa və təxminən 1 yerfındığı boyda kiçik yükü daşıya bilər”, – deyə universitetin professoru Livey Lin bildirib.

Alimlərin sözlərinə əsasən, bu kimi robotlar axtarış-xilasetmə əməliyyatlarında faydalı ola bilərlər. Bununla yanaşı, onları “həyəcan siqnalı” düyməsi ilə təchiz etmək və uçqunların altına göndərmək olar. Beləliklə, sağ qalmış insanların yerlərini aşkarlamaq və onların həyatlarını xilas etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.