3D-çap texnologiyasından yalnız əyləncə və ya müxtəlif mexanizmlər üçün ehtiyat hissələrinin yaradılması məqsədilə istifadə olunmur. Amerikalı bioloqlar ilk dəfə insan ürəyinin süni fraqmentlərini yaratmağa nail olublar.
4pda.ru saytının məlumatında bildirilir ki, Karneqi-Mellon Universitetinin tədqiqatçıları tibb sahəsində əldə etdikləri mühüm nailiyyət haqqında məqalə dərc ediblər. Onlar insan ürəyinin canlı toxumanın funksiyasını yerinə yetirən bəzi tərkib hissələrini çap edə biliblər. İnsan bədənində bütün orqanları formalaşdıran xüsusi hüceyrələr normalda hüceyrədənkənar matrislə birlikdə “yapışdırılırlar”. O, hüceyrələri birləşdirən kollagendən ibarət “tor”dan təşkil olunub və orqanların işləməsi üçün lazım olan biokimyəvi siqnalların ötürülməsini təmin edir.
Tədqiqat işinin həmmüəlliflərindən biri olan Endryu Hadsonun sözlərinə əsasən, laboratoriya sintezi zamanı kollagen mayedən təşkil olunur. Buna görə də çap üçün qan damarlarının, işləyən ürək qapaqları və mədəciklərinin strukturunu müvəqqəti saxlamağa kömək edən xüsusi hidrogeldən istifadə edilib. Çap prosesindən sonra geli otaq temperaturuna qədər qızdıraraq, konstruksiyadan asanlıqla silmək olar. Bu zaman hazır kollagen struktur olduğu kimi qalacaq.
Hələ ki, süni ürəyin yaradılmasından söhbət getmir. Lakin bioloji 3D-çap texnologiyasının artıq bir neçə il sonra donor orqanlarının çatışmazlığı problemini həll edəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.