ABŞ-ın Stenford Universitetinin fiziklərinin hazırladıqları kvant mikrofonun köməyilə elmə məlum olan səsin ən kiçik hissəcikləri – fonon adlandırılan rəqs enerjisinin kiçik “hissələri” araşdırılır. Bu mikrofonun gələcəyin kvant kompüterlərinin hazırlanmasının əsasını təşkil edəcəyi gözlənilir.
4pda.ru saytının məlumatına görə, alimlərin ixtirası innovativdir. Belə ki, sözügedən qurğunun hazırlanmasınadək fononların ölçülməsi qeyri-mümkün idi, çünki ən güclü klassik mikrofonların həssaslığı bunun üçün kifayət deyil. Səsli hissəciklər o qədər kiçikdir ki, membrana ayrı-ayrılıqda deyil, yalnız toplu halında cüzi təsir göstərirlər. Yeni qurğu səsli dalğaları bilavasitə öyrənmək əvəzinə, birbaşa fononların enerjisini ölçür.
Alimlər hesab edirlər ki, yeni cihaz tamamilə yeni tip kvant kompüterinin hazırlanmasına kömək edə bilər. Belə təxmin edilir ki, səsin kiçik hissəciklərinin “tutmaq” xüsusiyyəti səs enerjisi vasitəsilə informasiyanı kodlaşdırmaq imkanına malik qurğuların hazırlanmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, inanılmaz tutumda məlumatları kiçikölçülü daşıyıcılarda saxlamağa imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.