Robot İT-düşərgədə məktəblilər üçün açıq dərs keçib

31 İyul 2019 - 15:32 | Maraqlı məlumatlar
Robot İT-düşərgədə məktəblilər üçün açıq dərs keçib

Robot Rusiyanın “MTS” Telekommunikasiya şirkətinin Brest bölgəsində təşkil edilmiş İT-düşərgəsində məktəblilər üçün açıq dərs keçib. Məşğələ “Kolos” uşaq reabilitasiya-sağlamlaşdırma mərkəzində baş tutub.

belta.by saytının məlumatına əsasən, İT-düşərgədə olan uşaqlara xüsusi olaraq, insanlarla ünsiyyət qurmağa proqramlaşdırılmış, oxuya və emosiyaları ifadə edə bilən robotla danışmaq imkanı verilib. Kiber-pedaqoq uşaqlara gələcəkdə tələb olunacaq peşələr və robot texnikasının əsas prinsipləri haqqında danışıb. O, süni intellektə malik qurğuların hansı elementlərdən ibarət olduğunu və evdə sərbəst şəkildə robot yaratmaq üsullarını izah edib.

İT-düşərgə Brest bölgəsinin bütün rayonlarından təxminən 100 uşağı bir araya gətirib. Burada uşaqlara proqramlaşdırma və 3D-modelləşdirmənin əsaslarını öyrənmək imkanı təqdim edilib. Onlar İT-düşərgədə sayt yaratmağı, çat-botlar üçün proqram hazırlamağı öyrənirlər.

“İT-düşərgəni artıq 3-cü ildir ki, təşkil edirik. Bu, Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihədir. Bizim əməkdaşlığımızın əsas məqsədi uşaqlara müasir texnologiyalardan savadlı və təhlükəsiz istifadə etməyi, şəbəkədə necə davranmalı olduqlarını öyrətməkdir. Burada uşaqlar İT sahəsində müxtəlif biliklər əldə edəcəklər, komandada işləməyi, analitik düşünməyi öyrənəcəklər. Bu məşğələlər kiməsə gələcək peşəsini müəyyən etməyə imkan verəcək”, – deyə “MTS” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə qrupunun rəhbəri Viktoriya Zdyarskaya bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.