İnklüziv iqtisadi inkişaf indikatorları işlənilir

16 İyul 2019 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin iqtisadi inkişafın inklüzivlik səviyyəsinin ölçülməsi üzrə indikatorlar sisteminin işlənilməsi mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev problemin qoyuluşu və elmi-tədqiqat işlərinin analizi, inklüzivlik səviyyəsinin qiymətləndirməsinin zəruriliyi, beynəlxalq iqtisadi təşkilatların inklüziv inkişaf indikatorları, eləcə də inklüzivlik səviyyəsinin  qiymətləndirilməsinin metodoloji əsasları haqqında ətraflı məlumat verdi.

Müasir ölkələrin əsas inkişaf istiqamətlərinin informasiya və biliklər iqtisadiyyatının formalaşmasına yönəlməsindən danışan məruzəçi biliklər cəmiyyətinin və iqtisadiyyatının formalaşmasında bütün vətəndaşların, xüsusilə də maddi və fiziki cəhətdən daha çox müdafiəyə ehtiyacı olanların maraqlarının nəzərə alınmalı olduğunu bildirdi. Qeyd etdi ki, biliklərə əsaslanan iqtisadiyyat cəmiyyət üzvlərinin hər birinin fəaliyyətindən asılıdır.

Onun sözlərinə görə, inklüziv iqtisadi inkişaf prosesinin idarə olunması üçün onun ölçülməsi, qiymətləndirilməsi problemlərinin tədqiqi və metodoloji əsaslarının işlənilməsi çox aktual və xüsusi əhəmiyyətə malik olan məsələlərdəndir.

Beynəlxalq iqtisadi təşkilatların inklüziv inkişaf indikatorlarından söz açan məruzəçi müxtəlif tədqiqat işlərində inklüziv inkişafın regional aspektlərinə və problemlərinə baxıldığını vurğuladı. Qeyd etdi ki, BMT-nin “inklüziv inkişaf”la əlaqədar tövsiyələrinə müvafiq surətdə inklüziv iqtisadiyyat və inklüziv iqtisadi artım məsələləri BVF(Beynəlxalq Valyuta Fondu), İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), ARİB (Avropa Rekonstruksiya və İnkişaf Bankı) kimi beynəlxalq iqtisadi təşkilatların əsas sənədlərində əks olunub. Hazırda milli regional və beynəlxalq səviyyələrdə müvafiq sahələr üzrə qərarlar inklüziv inkişaf indikatorları nəzərə alınmaqla qəbul olunur.

“Ümümdünya İqtisadi Forumunun (ÜDİF) işləmiş olduğu beynəlxalq metodologiyaya müvafiq olaraq İnklüziv İnkişaf İndeksinin mahiyyəti “Artım və İnkişaf”, “İnklüzivlik”, “Nəsillərarası bərabərlik və dayanıqlılıq” adlanan 3 əsas alt-indeksdən ibarətdir”, - deyə bildirən şöbə müdiri bu alt-indekslərin digər 12 alt-indikator əsasında formalaşdığını dedi.

Daha sonra məruzəçi inklüzivlik səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsaslarından danışaraq milli iqtisadi inkişafın inklüzivlik səviyyəsinin ölçüməsi üzrə alt-indekslər və indikatorlar sistemini təqdim etdi. O, qiymətləndirmənin beynəlxalq, milli, regional və sektorialaspektlərdə olduğunu, milli inklüzivlik səviyyəsinin qiymətləndirilməsinin isə bir neçə alt səviyyədə və aspektdə həyata keçirilə bildiyini diqqət çatdırdı.

Azərbaycanda milli inklüziv inkişaf indeksinin formalaşdırılması, eləcə də ölkədə inklüzivlik səviyyəsinin yüksəlməsinə təsir edən amillər haqqında məlumat verən Ə.Əliyev bildirdi ki, Dünya İqtisadi Forumunun (DİF) hesabatına əsasən Azərbaycan inklüziv inkişaf iqtisadiyyatına görə inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Şöbə müdiri bildirdi ki, müasir dövrün cəmiyyəti və ona uyğun iqtisadiyyat inklüzivlik səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf etdirilməlidir. İnklüzivlik səviyyəsinin tənzimlənməsi üçün regional və sektorial aspektdə qiymətləndirmələr aparılmalı və təhlillər edilməli, eləcə də müvafiq analiz indikatorları və metodikaları işlənilməlidir. İnklüzivlik səviyyəsinə təsir edən amillər kompleks şəkildə araşdırılmalıdır. Burada, qanunvericilik aspektində inzibati mexanizmlərdən, təşkilati effektiv tədbirlərdən və müvafiq müasir proqram, aparat-texniki vasitə və texnologiyalardan kompleks şəkildə istifadə olunmalıdır.

Sonda Ə.Əliyev qeyd etdi ki, məruzənin materialları əsasında hazırlanan məqalə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə 13-cü IEEE beynəlxalq konfransına (The 13th IEEE International Conference Application of Information and Communication Technologies, AICT2019) təqdim olunub.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.