AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılmasına münasibət bildirib

12 İyul 2019 - 13:00 | Mühüm hadisələr
AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılmasına münasibət bildirib

Süni intellekt və qərarların qəbulu texnologiyalarının sosioinformasiya problemlərinın həllinə tətbiqi üzrə görkəmli mütəxəssis, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılmasına münasibət bildirib:

“Hazırda dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq məqsədilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların prioritetləri və strateji hədəfləri müəyyənləşdirilmişdir. Ölkəmizdə iqtisadi islahatların reallaşdırılması məqsədilə qəbul edilmiş strateji yol xəritələri milli iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənmişdir.

Qeyri-neft sektorunun inkişafının  innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəlməsi, eləcə də ölkənin qlobal bazarlara inteqrasiyası, yüksək texnologiyaların tətbiqi birbaşa insan amilinə, intellektual kapitala bağlıdır. Bu məqsədə nail olmaq üçün kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, təhsil və təlimin fasiləsizliliyinin təmin olunması, uzunmüddətli proqnozlaşdırma mexanizmlərinin hazırlanması, əmək bazarı və biznes sektoru arasında koordinasiyanın səmərəliliyinin artırılması, innovasiya yönümlü istehsal və xidmət sektorunun inkişafı nəzərdə tutulmuşdur.

Son illərdə Azərbaycanda qeyri-neft sektorunun ən sürətlə inkişaf edən sahələrindən biri  informasiya-kommunikasiya texnologiyalarıdır (İKT). İKT-nin milli iqtisadiyyatın, siyasi-ictimai həyatın demək olar ki, bütün sferalarına nüfuz etməsi elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata keçirilməsində, dövlət idarəçiliyinin təkmilləşdirilməsində və göstərilən xidmətlərin keyfiyyətinin və şəffaflığının artırılmasında, əhalinin maarifləndirilməsində və informasiya resurslarına müraciət imkanlarının genişlənməsində və s. mühüm rol oynayır. İKT sektorunun inkişafı bilavasitə bu sahənın kadr təminatı, informasiya texnologiyaları (İT) mütəxəssislərinin hazırlıq səviyyəsi, intellektual resursların perspektiv inkişafı ilə bağlıdır. Bu baxımdan Azərbaycanda formalaşmış İT mütəxəssislər bazarının monitorinqinin keçirilməsi və mövcud vəziyyətin aşkarlanması, problemlərin araşdırılması və onların həllinə dair müvafiq qərarların qəbul edilməsi  mühüm əhəmiyyət  kəsb edir.

Bu problemlərin önəmini nəzərə alaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2008-ci ildən başlayaraq İT mütəxəssislərə tələb və təklifin monitorinqi, əmək bazarının İT mütəxəssislər seqmentində insan resurslarının idarə edilməsinin elmi, tətbiqi və praktiki aspektləri üzrə sistematik tədqiqatlar aparılır. Belə ki, institutun əməkdaşları tərəfindən İT mütəxəssislər bazarında mövcud vəziyyət, tələb və təklif münasibətləri, əmək bazarının strukturu, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, İT təhsilin müasir vəziyyəti, onun əmək bazarının real tələblərinə uyğunluğu, İT mütəxəssis seqmentinin inkişaf tendensiyası və digər bu kimi məsələlər araşdırılmış, İT-mütəxəssislərə tələb və təklifin uyğunluğu, qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən əmək bazarının İT-seqmentinin intellektual idarə olunmasının konseptual və metodoloji əsasları işlənilmiş, İT sahəsində idarəetmənin müxtəlif səviyyələri üzrə peşə-ixtisas, kəmiyyət/keyfiyyət kəsimlərində insan resurslarına tələb-təklifin uyğunlaşdırılması üzrə qərarların qəbul olunmasını dəstəkləyən model və metodlar kompleksi təqdim edilmiş, müvafiq tövsiyələr hazırlanmışdır. Tədqiqatların nəticələri “Web of Science”, “Scopus” və digər elmi bazalarda indeksləşən çoxsaylı məqələlərdə, iki monoqrafiyada öz əksini tapmışdır.

Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə İT əmək bazarının keyfiyyət və kəmiyyət göstəricilərinin sistematik toplanması və təhlili üçün xüsusi strukturlar (mərkəzlər, institutlar) fəaliyyət göstərir. Bu kimi strukturların nümunəsi kimi Böyük Britaniya, Almaniya, Hindistan, Rusiyada və s. İT əmək bazarı üzrə tədqiqat mərkəzlərini qeyd etmək olar. Azərbaycanda bu cür qurum yoxdur və deyərdim ki, bu missiyanı qismən AMEA İnformasiya Texnologiyaları İnstitutu həyata keçirir. Onu da qeyd edim ki, hazırda ölkədə əmək bazarının İT mütəxəssislər seqmenti milli iqtisadiyyatın yeganə sistemli, elmi əsaslara söykənmiş çoxaspektli tədqiq olunan  sahəsidir.

Əmək bazarının təhlili, insan resurslarının idarə olunması, əmək bazarının real tələblərinə cavab verən ixtisaslı kadrlara olan tələb və təklifin aşkarlanması və uyğunlaşdırılması,  perspektiv tələbatın proqnozlaşdırılmasına dair tədqiqatlar, yanaşmalar, metodologiyalar, vasitələr və institusional mexanizmlərin işlənilməsi Avropa İttifaqının prioritetləri sırasındadır. Təhsil xidmətləri bazarının əmək bazarı ilə uyğunlaşdırılması, kadr hazırlığı prosesində gələcək bacarıq və kompetensiyalara olan tələbin proqnozlaşdırılması, təhsil sistemi tərəfindən əmək bazarında tələb olunan bacarıqların nəzərə alınması hesabına işə düzələn məzunların sayının artması, maraqlı nazirlik və strukturların əməkdaşlığı, işədüzəlmə və məzunların karyerasının izlənilməsi məsələləri hazırda bir çox dövlətlərin siyasətində əsas yer tutur. Problemin zəruriliyini nəzərə alaraq,  Avropa İttifaqının II Şərq Tərəfdaşlığı Platformasının İşçi proqramı çərçivəsində 2014-2020-ci illərdə “Əmək bazarında ixtisaslı kadrlara olan tələb və təklifin  uyğunlaşdırılması və proqnozlaşdırılması - Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin  təcrübəsi”  layihəsi həyata keçirilir.        

Azərbaycan bu layihədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutundan olan ekspertlərlə təmsil olunmuşdur. 2003-cü ildən bəri Avropa Komissiyasının “Avropa qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində ölkədə əmək bazarının dinamikasının təhlili, insan kapitalının inkişafı və insan resurslarının idarə olunması, kadrlara olan perspektiv tələbatın proqnozlaşdırılması və onlara olan tələb və təklifin uyğunlaşdırılmasına yönəlmiş Avropa Təhsil Fondunun tədqiqat layihələrinin icrasında mən milli koordinator, layihə rəhbəri,  milli ekspert kimi bilavasitə iştirak etmişəm. Hazırda “Əmək bazarının uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə “Make it Match” ekspert şəbəkəsinin üzvü olaraq Azərbaycanı bu layihədə milli koordinator kimi təmsil edirəm. Avropanın Təhsil Fondunun dəstəyi ilə bu layihə çərçivəsində Şərq tərəfdaşlığı ölkələrininin nümayəndələrinə ixtisaslı kadrlara olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə Avropa İttifaqı ölkələrinin (İtaliya, Finlandiya, Fransa, Niderland, Çex Respublikası, İrlandiya və s.) təcrübəsi ilə tanışlıq üçün ən uğurlu nümunələr, o cümlədən bu sahədə aparılan elmi-analitik araşdırmalar, yeni institusional mexanizmlər təqdim edilir, tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə modellərlə, bu fəaliyyəti həyata keçirən institusional qurumlarla tanış olmaq üçün tematik seminarlar təşkil olunur.  

Dünya təcrübəsində mürəkkəb, çoxməqsədli, multikomponentli və multifaktorlu olan insan resurslarına tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması probleminin həlli üçün müxtəlif yanaşmaların, metodların və modellərin kombinasiyasından istifadə olunaraq əhəmiyyətli təcrübə toplanmışdır. Bu məsələlərin həll edilməsinin institusional formalarından biri dünyanın bir sıra inkişaf etmiş ölkələrində müvəffəqiyyətlə reallaşdırılan Əmək bazarı üzrə Milli Observatoriyalardır. Observatoriyaların məqsədi bacarıq və ixtisaslara cari və perspektiv tələbatın kompleks analizi və proqnozu əsasında yaxın, orta və uzunmüddətli dövrlərdə əmək bazarı (tələb) və kadr hazırlığı (təklif) sistemi arasında balansın təmin edilməsi və müxtəlif qrup istifadəçilərə müstəqil qərar qəbul edilməsi üçün müvafiq çıxış məhsullarının təqdim edilməsindən ibarətdir.

Aİ ölkələri təcrübəsindən bəhrələnən ekspert qrupu tərəfindən layihə çərçivəsində Azərbaycan əmək bazarında ixtisaslı işçi qüvvəsinə olan tələb və təklifin proqnozlaşdırılması və uyğunlaşdırılması üzrə mövcud yanaşma və təcrübələrin analizi aparılmış, ölkədə bu sahədə aparılan tədqiqiqatlar, mövcud informasiya mənbələri və resursları, maraqlı institutlar, onların rolu və problemlər araşdırılmış, Azərbaycanda Observatoriyanın əsasını təşkil edən Əmək bazarı üzrə informasiya sisteminin yaradılması üzrə “Yol xəritəsi” layihəsinin ilkin variantı və Ölkə profili işlənilmişdir.

Qrup tərəfindən 2016-cı ilin noyabrında Praqada keçirilən növbəti tematik seminarda Azərbaycanda əmək bazarı Observatoriyasının yaradılmasının məqsədəuyğunluğu barədə təşəbbüs irəli sürülmüş, ölkədə maraqlı qurumların səlahiyyətli nümayəndələri üçün bu mövzuda seminarın keçirilməsi xahişi ilə Avropa Təhsil Fonduna müraciət edilmişdir.

Ölkə komandasının Azərbaycanda ixtisaslı işçi qüvvəsinə tələb/təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə mövcud vəziyyət və yeni metodologiyanın işlənməsi istiqamətində əldə etdiyi bilik və təcrübə, apardığı tədqiqatlar və təhlillər, irəli sürdüyü təşəbbüslərin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə ölkədə Əmək  bazarı üzrə Milli Observatoriyanın yaradılması barədə siyasi və təşkilatı qərarlar qəbul edilmişdir.

İki il ərzində Observatoriyanın yaradılması üzrə Avropa Təhsil Fondunun dəstəyi ilə hazırlıq işləri aparılmış, qurumun konseptual, metodoloji, funksional, təşkilatı, hüquqi əsasları işlənilmişdir. Mən də çox məmnunam ki, Milli ekspert qismində Avropa Təhsil Fondunun tərəfindən bu işlərə cəlb olunmuşam.

Bu kontekstdə 4 iyul 2019-cu il tarixdə  Prezident İlham Əliyevin əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqini həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərmanı çox böyük əhəmiyyət kəsb edir.

Mən, möhtərəm Prezidentimizə öz təyinatına və innovativ mahiyyətinə görə çox mühüm missiya daşıyan, MDB məkanında ilk olan bu qurumun yaradılmasına görə öz minnətdarlığımı bildirirəm və hesab edirəm ki, ölkə Prezidentinin bu Fərmanı mövcud demoqrafik vəziyyətdən qaynaqlanan işçi qüvvəsinin təklifinin adekvat qarşılanmasında və əhalinin məşğulluğunun təmin edilməsində, işçi qüvvəsinə olan tələb və təklifin balanslaşdırılması üçün iqtisadiyyatın tələblərinə cavab verən rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasında, insan resurslarının keyfiyyət xarakteristikasının əmək bazarının dəyişən tələbləri ilə uzlaşdırılmasında, ölkədə keyfiyyətli və rəqabətədavamlı məşğulluğun təmin olunmasında, işçilərin adaptasiyası və sosial müdafiəsi yollarının təkmilləşdirilməsində önəmli rol oynayacaqdır”.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.