Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyasının EapConnect layihəsi çərçivəsində Litvanın LITNET akademik və tədqiqat şəbəkəsinin mütəxəssisləri – Eimantas Serpenskas, Vilius Palubinskas və Justas Umbrasas tərəfindən institutun AzScienceNet şəbəkəsinin əməkdaşlarına “İdentifikasiya federasiyasının qurulması və inkişaf etdirilməsi” mövzusunda treninqlərə start verildi. Treninqin keçirilməsində məqsəd standartlar, həllər və arxitekturlara dair əsasların tədrisi, müvafiq proqram təminatı və arxitekturun seçilməsi, yerli federasiyaların qurulması, EduGAIN xidmətinə qoşulma və EduRoam xidmətinin quraşdırılmasına dəstək göstərilməsidir.
Öncə bu istiqamətdə mövcud vəziyyət, təklif olunan arxitektur, EduGAIN və EduRoam xidmətləri, federasiya arxitekturları və standartlar, həmçinin bu sistemlərin quraşdırılması zamanı istifadə olunan avadanlıq və alətlərə dair müzakirələr aparıldı.
Sonra “Arxitektur həlləri. EduGAIN və EduRoam” mövzusunda təqdimatla çıxış edən Eimantas Serpenskas fəaliyyət göstərdiyi LITNET şəbəkəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 1991-ci ildə yaradılmış bu şəbəkənin əməliyyatlar mərkəzi Kaunas Texnologiya Universitetində yerləşir. Altı texniki mərkəzdən ibarət olan şəbəkə GEANT Assosiasiyasının üzvüdür.
Məruzəçi şəbəkə tərəfindən “T&I”, şəbəkələşmə, CERT, Cloud, eləcə də dəstək və treninq xidmətlərinin göstərildiyini vurğuladı. Qeyd etdi ki, şəbəkənin CERT xidməti insidentlərin qarşısının alınması, konsultasiya, kompüter təhlükəsizliyi insidentlərini cavablandırma və s. istiqamətlərdə fəaliyyət göstərir.
E.Serpenskas EduGAIN xidmətinin quraşdırılması üçün tələb olunan avadanlıqların siyahısını təqdim etdi, EduRoam-ın istifadəsi üçün kompenetləri diqqətə çatdıraraq bunun üçün lazım olan resurslardan bəhs etdi. O, həmçinin EduGAIN xidmətinin imkanları barədə məlumat verərək bildirdi ki, bu xidmət GEANT-ın EapConnect layihəsi çərçivəsində hazırlanmış Avropa milli tədqiqat və təhsil şəbəkələri (National Research and Education Network, NREN) ilə Avropa Birliyi arasında ən böyük əməkdaşlıq layihəsidir.
Sonra təqdimata dair müzakirələr aparıldı, suallar cavablandırıldı.
Qeyd edək ki, treninqlər iyulun 5-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.