“Intel” yeni “Wi-Fi 6” standartını dəstəkləyəcək kompüterlər barədə məlumat verib

31 May 2019 - 12:30 | Maraqlı məlumatlar
“Intel” yeni “Wi-Fi 6” standartını dəstəkləyəcək kompüterlər barədə məlumat verib

“Intel” şirkəti 28 may - 1 iyun tarixlərində Tayvanın paytaxtı Taybeydə keçirilən “Computex 2019” sərgisində yaxın gələcəkdə ən yeni “Wi-Fi 6” standartının inkişafından bəhs edib.

İstehsalçının sözlərinə görə, “Wi-Fi 6”nın bütün həlləri eyni deyil. “Wi-Fi 6” (Gig+) həlli fərdi kompüterlər və marşrutlayıcılar üçün məlumatların 1 Gbit/s sürətlə ötürülməsini təmin edir. Onlar əsl giqabitlik sürətə nail olmaq üçün 160 MHs zolaqdan istifadə edirlər. Bu, şəbəkədə iş üçün ən yaxşı məhsuldarlığı təmin edir.

ferra.ru saytının məlumatında bildirilir ki, “Wi-Fi 6” (Gig+) “standart” “Wi-Fi 6” həllərindən 2 dəfə, “802.11 AC” ilə müqayisədə 3 dəfə daha sürətlidir. “WAV600” seriyasının marşrutlayıcıları üçün “Intel” çipsetləri “Gig+” səviyyəsinin məhsuldarlığını təmin edir. Onlar ucuz ikizolaqlı ev marşrutlayıcıları və şəbəkə şlüzlərinin əsası olacaq. Həmçinin “Wi-Fi”ın keçmiş standartları ilə əks-uyğunluq təmin olunur.

“Wi-Fi 6” (Gig+) marşrutlayıcıları və şəbəkə şlüzləri üzərində “AVM”, “Edimax”, “Elecom”, “Netgear”, “TP-Link” kimi istehsalçılar işləyirlər. Onlar 2019-cu ilin sonunadək əlçatan olacaqlar.

Həmçinin 2019-cu ilin sonuna kimi “Wi-Fi 6”nı (Gig+) dəstəkləyən 100-dən çox kompüter əlçatan olacaq. Buraya 8-ci nəsil “Intel Core vPro”, 9-cu nəsil “Intel Core” və 10-cu nəsil ən yeni “Intel Core” prosessorları əsasında işləyən sistemlər daxil olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.