AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “Ofset çap texnologiyası” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Xanımqız Ağabalayeva ofset çap maşınının konstruktiv xüsusiyyətləri, onun növləri və əsas üstünlükləri, ofset çap maşınlarının silindrlərinin yerləşmə sistemləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ofset çap üsulu əsasən yastı, bəzi hallarda hündür, nadir hallarda isə dərin çapda işlənir.
Onun sözlərinə görə, çap prosesinin çap aparatında forma və çap silindrindən başqa rezin-parça örtüklü ofset silindrinin, formanın səthindəki boşluq elementlərinin nəmləndirilməsi üçün forma silindrinin yanında nəmləndirmə aparatının, eləcə də maşında daha mükəmməl boya aparatının mövcud olması bu maşınların əsas konstruktiv xüsusiyyətləri kimi şərtlənir.
Məruzəçi ofset çap maşınlarının kağız ötürücü qurğu, çap, nəmləndirmə, boya, aparatı, qəbul çıxış və qurutma qurğusu kimi qovşaqlara malik olduğunu bildirdi.
Rəng bölmələrinin sayına görə ofset çap maşınlarından danışan X.Ağabalayeva bu maşınların növləri və əsas üstünlükləri barədə məlumatı diqqətə çatdırdı: “Bu maşınların təsnifatına diqqət yetirsək onların əsasən 2 növ üzrə sinifləndirildiyi məlum olur. Bu qruplara vərəqli və rulonlu ofset çap maşınlarını aid etmək olar. Vərəqli ofset çap maşınları çap keyfiyyətinə görə rulonlu maşınlardan üstün hesab edilir”.
O, ofset çap maşınlarının paralel düzülüş, 2 ofset, 5 silindrli kimi silindrlərinin yerləşmə sistemləri barədə də məlumat verdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.