Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri ilə yanaşı, respublikanın təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən AMEA-nın AzScienceNet şəbəkəsi və onun Data Mərkəzinin xidmətlərindən istifadə etməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.
Hazırda ölkənin elmi qurumlarına şəbəkənin təqdim etdiyi Wi-Fi, Cloud Computing, Cloud Storage, Hostinq, Eduroam, İP Telefoniya, LOLA paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, elektron poçt, distant tədris və s. xidmətlərdən istifadə imkanlarının yaradılması istiqamətində işlər davam etdirilir.
Bu məqsədlə Respublika Seysmoloji Xidmət Mərkəzinin şəbəkə infrastrukturunun AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam Serverinə qoşulması təmin olunub. Mərkəzdə, həmçinin Wi-Fi və Eduroam xidmətlərinin yaradılması işləri həyata keçirilib. Mərkəzin əməkdaşlarına AzScienceNet vasitəsilə ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) Eduroam xidmətlərindən istifadə imkanı yaradılıb.
GEANT tərəfindən təqdim edilən Eduroam (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin İnternetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən İnternetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.
Qeyd edək ki, hazırda ölkənin digər elmi qurumları, ali təhsil müəssisələrində bu xidmətlərin istifadəyə verilməsi istiqamətində işlər aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.