“Standartlaşdırmada fərqliliyin aradan qaldırılması” mövzusunda tədbir keçirilib

18 May 2019 - 09:47 | Konfranslar, İclaslar

Məlumdur ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən, 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”dır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu gün keçirdiyi tədbir də bu mövzuya həsr olunub.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini,texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu günün əhəmiyyətini qeyd edib. Standartlaşdırma üzrə fərqliliyin aradan qaldırılmasının İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial inkişafa təsiri barədə məlumat verib.

Qeyd edək ki,  “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” 2016-cı ildə təsdiq olunub.

Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonun 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciəti diqqətə çatdırılıb.

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev “Rəqəmli transformasiya mühitində standartlaşmanın rolu”, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov “İT mütəxəssisi hazırlığı və sertifikatlaşma”, Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə “Standartlar kibertəhlükəsizlik vasitəsi kimi” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutmuş “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Olimpiadanın yekunlarına görə, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası, 2-ci yerə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU_BAKU_3” komandası, 3-cü yerə ADA Universitetinin “ADA-Firi-J” komandası, 4-cü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ADNSU 1” komandası layiq görülüb.

Qaliblər (I-IV yerlər) “Azercell” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılıb.

İnformasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 standartı əsasında təlim keçən 15 nəfərə sertifikatlar təqdim olunub.