Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

01 May 2019 - 15:00 | Mühüm hadisələr
Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

Akademiyanın 58 həqiqi üzvü arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib.

Akademik R.Əliquliyev 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası üzrə bitirib.

1979-1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışıb və aspiranturada təhsil alıb.

1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə köçürülüb: böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktor müavini vəzifələrində işləyib.

2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.

Texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür.

Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.

2013-cü ildən bu günədək AMEA-nın akademik-katibi olub.

Akademik Rasim Əliquliyevi institutun kollektivi adından təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.